“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyye dəstəyi ilə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sədi Musayevin döyüş yolundan bəhs edən “Qanla yazılan ömür” sənədli filminin Bakı Mühəndislik Universitetində təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, filmdə Vətən müharibəsində qəhrəmancasına şəhadətə yüksələn şəhid polkovnik-leytenant Sədi Musayevin döyüş yolu, igidliyi əks etdirilir.
Tədbirdə millət vəkilləri, QHT sədrləri, KİV nümayəndələri, şəhid ailələri, qazilər, tələbə-gənclər iştirak edib.
Tədbir iştirakçılarını salamlayan Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov tələbələr arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində təhsil ocağında görülən işlər barədə məlumat verib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək şəhidlərin unudulmaması, gənclərə tanıdılması istiqamətində görülən işlərin əhəmiyyətindən söz açıb.
Millət vəkili Ceyhun Məmmədov şəhidlərin döyüş yolunun öyrənilməsi istiqamətində bu cür vətənpərvərliyi aşılayan sənədli filmlərin tanıdılmasının vacibliyini vurğulayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün həyata keçirdikləri layihələrdən söz açaraq bildirib ki, hər bir şəhidin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Layihənin rəhbəri, “Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva şəhid polkovnik-leytenant Sədi Musayevin döyüş yolunun hər bir böyüyən yeni nəsil üçün nümunə olacağını bildirib.
Tədbir filmin nümayişi ilə davam ediv.
Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap olunan kitablar tələbələrə hədiyyə edilib.