Vəkil Adəm Məmmədov müğənni Manaf Ağayevin “Mercedes” markalı bahalı avtomobilinin cərimə meydançasında saxlanılması barədə iddiasına aydınlıq gətirib.
Bu barədə Modern.az-a açıqlama verən vəkil yaydığı məlumatın Dövlət Yol Polisi İdarəsi və müğənninin özü tərəfindən təkzib olmasını belə əsaslandırıb.
“Manaf Ağayevin maşınını 42 gün cərimə meydançasında saxlayıblar. Nəhayət, dünən təhvil veriblər. Manaf Ağayev həbsdən çıxan kimi maşın ona verilməyib”, - vəkil daha bir iddia irəli sürüb.

Qeyd edək ki, vəkil Adəm Məmmədov müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfər etdiyi “Mercedes” markalı avtomobilin hələ də cərimə meydançasında saxlanıldığını bildirib. DYP və M.Ağayev vəkilin ictimailəşdirdiyi xəbəri yalanlayaraq, maşının cərimə meydançasında olmadığını bəyan ediblər.
Xatırladaq ki, müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu.