Azərbaycan bu gün uğurlu xarici və daxili siyasətilə inamla addımlayaraq regionda liderliyi ilə yanaşı, tam təhlükəsiz bir ölkə statusu əldə edib. Eyni zamanda, respublikamız həyatın bütun sahələrində uğurla reallaşdırdığı davamlı layihələr sayəsində islahatçı dövlət kimi tanınıb.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçərək, ciddi uğurlara imza atmaqla tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Ölkə rəhbəri ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə, xalqımızın milli maraqlarına söykənən dövlətçilik kursuna sadiqliyi, çevik qərarları, xalqın ruhuna uyğun sosialyönümlü siyasəti ilə ümümxalq sevgisi qazanıb.
Xatırladım ki, bu inam və sevgi 2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar prezident seçkilərində də özünü qabarıq göstərdi. Azərbaycan cəmiyyəti həmin seçkilərdə yenə də özünün taleyüklü qərarını verdi, cənab İlham Əliyev böyük səs çoxluğu ilə dövlət başçısı postunda fəaliyyətini davam etdirdi. Başqa sözlə, tam demokratik və şəffaf keçirilən həmin seçkilərdə yenidən 86,02 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Cəmiyyət yenidən cənab İlham Əliyevin simasında inkişafa, sabitliyə, təhlükəsizliyə, Azərbaycanın tərəqqisinə səs verərək taleyini xalqla sıx bağlayan bir liderinə etibar etdi və şübhəsiz ki, yanılmadı.
Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən rəy sorğuları, seçkilər günü beynəlxalq, eyni zamanda, yerli təşkilatların reallaşdırdıqları exit-pollar da rəsmi nəticələrlə eynilik təşkil etdi. Bu, həm də anti-Azərbaycan qüvvələrinin xalqın seçiminə çamur atmaq imkanının məhdudlaşdırılması demək idi. Yeri gəlmişkən, beynəlxalq aləm o vaxt seçkilərin ədalətli, tam demokratik bir mühitdə keçirilməsini təqdir etdi. Bu baxımdan Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evansın fikirləri diqqət çəkdi:
“Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”.
Onu da qeyd edim ki, 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu diplomatik nailiyyətlərlə yadda qaldı. Azərbaycanın BMT, AŞPA, ATƏT, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı, qlobal arenaya töhfələri ölkəmizin yüksək imicinin formalaşması ilə nəticələndi.
Bundan başqa, həmin illər Azərbaycan tarixinə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu müddətdə əhalinin sosial durumu daim diqqət mərkəzində saxlanılıb və bu siyasət indiyədək uğurla davam etdirilib.
Məsələn, o dövrdə ölkədə əməkhaqları 7 dəfə, pensiyalar isə on dəfədən çox artırılıb.
Yeri gəlmişkən, 2003-2018-ci illər ərzində ölkəmiz qlobal rəqabətlilik indeksi üzrə beynəlxalq mövqeyini gücləndirib. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. İnnovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Bundan başqa, qeyd edilən illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf edib. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tblisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilib. Daha sonra işə salınan Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. Təkcə sözügedən sahədə deyil, digər sahələrdə də ciddi işlər reallaşdırılıb. Enerji istehsalında mühüm addımlar atılıb. Həmçinin Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixracatçı ölkəyə çevrilib.
Bu illər respublikada böyük infrastruktur layihələr həyata keçirilib, yol və nəqliyyat sektoru sürətlə inkişaf etdirilib. Ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin olunub. Yeddi hava limanı tikilib. Su təchizatında mövcud bir sıra problemlər həllini tapıb.
Azərbaycanda keçirilən son prezident seçkilərindən ötən müddətdə siyasi, sosial-iqtisadi sahələrdə, xüsusilə Vətən müharibəsində əldə edilən parlaq zəfər bir daha göstərdi ki, xalqımız liderlik seçimində yanılmayıb, Prezident İlham Əliyevə 2018-ci il 11 aprel tarixində göstərdiyi növbəti etimad da özünü doğruldub.
Burada diqqəti tarixi bir məqama yönəltmək istərdim. İstiqlaliyyət savaşında türk ordusu sayına, silah-sursatına, təminatına görə düşməndən qat-qat zəif idi. Amma dünyanı heyrətə gətirərəcək bir savaş nümunəsi ortaya qayaraq, bütün sədləri aşdı və qardaş ölkə qalib gələrək tarix yazdı. Çünki “mehmet”cik tək deyildi. Özlərinin etirafına görə, türk ordusu böyük Atatürk qətiyyəti və sərkərdəliyi ilə döyüşə atılaraq cumhuriyyət qura bildilər.
Vətən müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlıgı və döyüş şüacəti dünyanın hərb institutları tərəfindən hələ çox araşdırılacaq, geniş təhlillər aparılacaq. Əlverişsiz qayalara, dağlara dırmaşaraq, süngü, əlbəyaxa döyüşlə düşməni çarəsiz və miskin duruma salan qəhrəman ordumuz qanı və canı bahasına torpaqlarımızı işğaldan azad etdi. Birmənalı olaraq Silahlı Qüvvələrimiz bu keçilməz sədləri müzəffər və şərəfli komandan İlham Əliyevlə aşdı. Dövlətimizin başçısının liderliyi, rəhbər qətiyyəti ilə şanlı Azərbaycan Ordusu xalqımızın bükülən qamətini düzətdi.
Bəli, Azərbaycan sarsılmaz Prezident-xalq-ordu birliyi ilə tarixi qələbəyə imza atdı.
Beləliklə, xalqımız Prezident İlham Əliyevlə birgə ötən illər ərzində həyatın bütün sahələrində böyük uğulara sahib olub. Bu nailiyyətlərin indən sonra da dövlətimizin başçısının rəhbərliyi ilə davam etməsi hər bir vətəndaşın başlıca arzusuna çevrilib.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü