Rusiya tərəfi Ukraynanın müharibədəki itkilərini açıqlayıb.
Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
O deyib ki, Rusiya qoşunları “xüsusi hərbi əməliyyat başlayandan bəri 2000-ə yaxın Ukrayna tankı və digər zirehli texnikasını məhv edib”.
“Ümumilikdə, indiyədək Ukraynaya məxsus 125 təyyarə, 91 helikopter, 392 pilotsuz uçuş aparatı, 226 zenit-raket kompleksi, 1936 tank və digər zirehli döyüş texnikası, 211 reaktiv yaylım atəşi sistemi, 833 səhra artilleriya silahı və minaatan, o cümlədən 1810 ədəd xüsusi təyinatlı hərbi maşın sıradan çıxarılıb”.
Konaşenkov əlavə edib ki, ötən gecə Rusiya aviasiyası Ukraynada 14 hərbi obyekti vurub:
Bura iki komanda məntəqəsi, iki Buk-M1 zenit-raket kompleksinin buraxılış qurğusu, bir artilleriya batareyası, iki raket və artilleriya silahı və sursat anbarı, üç yanacaq anbarı, altı toplanış yeri və hərbi texnikanın dayanacağı daxildir.
Konaşenkov hərbçi sayı barədə məlumat verməyib.