“Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimində fərqlənmə müşahidə olunur. İmsak və iftar zamanı qəbul etdiyimiz qidalardan insan orqanizmi qüvvətlənir. Bu qidalardan alınan enerji tükəndikdə isə qaraciyər və əzələlərdə yığılan karbohidratlar və yağlar yandırılaraq bədəni müəyyən fəsadlardan qoruyur. Bunun orqanizm üçün böyük faydası var. Gün ərzində tez-tez çay və qəhvə kimi içkilərə üstünlük verənlər oruc tutarkən bəzən kofein çatışmazlığından özlərini narahat hiss edirlər. Bu vəziyyət başlanğıcda baş ağrısı və yorğunluğa səbəb olsa da, bir müddət sonra orqanizm buna alışır”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib.
Həkim bu ayda mədəni narahat etməmək və kalori qəbulunu idarə etmək üçün artıq yağ qəbuluna səbəb olacaq qızartma və qovurma kimi xörəklərdən az istifadə edilməsini tövsiyə edib:
“Gün ərzində enerjili olmaq üçün qida rasionuna zülalla zəngin olan məhsullara üstünlük verilməlidir. Həmçinin çox yağlı və tərkibində karbohidrat olan un məmulatlarından az istifadə olunması məsləhət görülür. Yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq olmamalıdır. Çünki uzun müddət boş qalan mədəyə birdən-birə soyuq qidanın daxil olması spazmalara səbəb ola bilər».
G.İsmayılovanın sözlərinə görə, azyaşlı uşaqlara, hamilə qadınlara və süd verən analara oruc tutmaq tövsiyə olunmur:
“Mədə-bağırsaq traktının xroniki xəstəlikləri, hipertoniya, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri olan insanlar oruc tutmaq istədikləri təqdirdə müalicə həkimləri ilə məsləhətləşmələri məqsədəuyğundur”.