“İcra qurumları özəl sektorda çalışanların, sahibkarların daxili işlərinə qarışa bilməzlər. Qanun buna yol vermir”.
Bunu Modern.az-a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimov bildirib.
Bir neçə gün öncə Bakının mərkəzində gecə klubunda baş vermiş partlayışdan söz açan qurum rəsmisi özəl müəssisələrə görə sahibkarların məsuliyyət daşıdığını deyib.
“Fəvvarələr Meydanı, Nizami küçəsi və digər mərkəzi ərazilərdə on illərlə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin əksəriyyəti özəldir və bunun məsuliyyətini sahibkar özü daşıyır. Özəl obyektlərin fəaliyyətini nəzarətdə saxlayan qurumlarımız var. Bundan əlavə, mərkəzdə yeni obyektlərin tikintisi mümkün deyil".
İ.Kərimov qeyd edib ki, baş vermiş hadisə ilə bağlı bəzi insanlar populist çıxışlar edib, özlərinə siyasi divident qazanmaq istəyirlər:
"Dünyanın əksər şəhərlərinin mərkəzindəki ictimai-iaşə obyektlərinin sayı Bakıdakından dəfələrlə çoxdur. İnsanlar mərkəz hissədə istirahətə üstünlük verirlər. Ölkəmizdə sahibkarlar və iş adamlarına lazımi dəstək göstərilir, onların obyektlərində xeyli işçi çalışır və göstərilən dəstək daha çox iş yerlərinin açılmasına kömək göstərir. Əsas məsələ sahibkarların məsuliyyətli olmaları və tələb edilən qaydalara riayət etməlidir”.
Elmar Hüseynov