Bakı Şəhər İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qrup mətbuat nümayəndələri ilə birlikdə paytaxtın ictimai-iaşə obyeklərində monitorinqlərə başlayıb.
Modern.az xəbər verir ki, monitorinqlərin məqsədi obyektlərdə vəziyyətin öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması, həmçinin burada çalışan işçilərin maarifləndirilməsidir.
Mütəxəssislər tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçirilən zaman qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılıb.

Zirzəmi və yaşayış binasının birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından istifadə edilməsi halları, həmçinin rezin və digər materiallardan hazırlanan borular vasitəsilə çəkilən qaz xətləri aşkar edilib. Ortaya çıxan nöqsanlar barədə obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılıb.
“Azəriqaz” İB-nin rəsmisi İlkin Behbudov jurnalistlərə açıqlamasında bildirilib ki, qaz balonları istifadə üçün yalnız obyektdən kənarda quraşdırlımalıdır:
“Üzərində yaşayış binalarının olduğu obyektlərə təbii qazın verilməsi o halda mümkündür ki, obyketin qızdırılması, yaxud isti su təchizatı üçün istifadə olunsun. Bu zaman obyektin kənarında qaz cihazı quraşdırılır”.
Qurum rəsmisi, eyni zamanda sahibkarlar mövcud qaydalara riayyət etməyi, elektrik vasitələrindən istifadəni tövsiyə edib.
Monitorinqlərin nəticələri yekunlaşandan sonra sahibkarlarla müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.





Elmar Hüseynov