Azərbaycanın Macarıstandakı sabiq səfir Vilayət Quliyev Rusiya Liberal-Demokrat Partiyasının sabiq sədri Vladimir Jirinovskinin ölümündən yazıb.
Modern.az sabiq səfirin Jirinovski ilə bağlı yazısını təqdim edir:
- Jirinovskini canlı formatda və öz ampluasında ilk dəfə 1997-ci ilin mart ayında Sofiyada görmüşdüm. Milli Məclisdəki deputat həmkarım Ziyafət Əsgərovla birlikdə NATO-nun bu ölkədə keçirdiyi Rouz-Rout seminarında iştirak edirdik. Görünür, Moskvadan eyni təyyarə ilə gəlmişdik. Amma biznes-klass sərnişini Jiriki bizdən əvvəl qarşılayıb salona gətirmişdilər və artıq burada bağıra-bağıra NATO tədbirinə ev sahibliyi edən Bolqarıstanı tarixi müttəfiqi, xilaskarı Rusiyaya xəyanətdə, NATO üzvü Türkiyənin “altına yıxılmaqda” (“подлаживание под Турцией”) ittiham edirdi. Sonra salonu gərdiş eləməyə başladı və yaxamızdakı “Azərbaycan” yazısını görüb önümüzdə dayandı, “Почему гордый Азербайджан стоит на стороне?”- deyə söz atdı. “Последний бросок на Юг» kitabında ölkəmiz haqda yazdıqlarınızdan sonra sizinlə arada məsafə saxlamaq yaxşıdır”-dedim. Ziyafət də sözlərimə qüvvət verdi. Jirik:
- Uşaqlar, xırdaçı olmayın, - dedi. – Onda elə fikirləşirdim, o cür də yazmışdım. İndi ölkənizə münasibətdə tamamilə fərqli düşüncədəyəm. Yadınızda saxlayın ki, yalnız ölülər və dəlilər fikirlərini dəyişmirlər.
Və kiçik nitqinə multik qəhrəmanı Kot Leopoldun məşhur sözləri ilə xitam verdi: “Ребята, давайте жить дружно!”
Amma özü Azərbaycana münasibətdə zaman-zaman nifaq və düşmənçilik toxumu səpdi. Dəli kimi fikrini şəraitə, ağalarının istəyinə uyğun şəkildə tez-tez dəyişdi. Ölü kimi isə təbii ki, daha intizamlı və sabitqədəm olar...