Aprelin 5-də İrəvanda müxalifətin mitinqi Brüssel görüşü ərəfəsində Paşinyan hakimiyyəti tərəfindən təşkil edilmiş növbəti tamaşa idi. Burada belə bir haqlı sual yaranır: niyə bu mitinqlər bu günə kimi keçirilmirdi? Sözügedən aksiya nə üçün Brüssel görüşündən bir gün əvvəl keçirildi? Ermənistan hakimiyyəti kimi aldatmaq istəyir? Heç şübhəsiz ki, bu şouda əsas məqsəd ictimai rəyə əsaslanaraq, danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamaqdır.
Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini durdurmaq və zaman udmaq üçün bu kimi metodlardan geniş istifadə olunub. Bu bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqlar prosesini pozmaq, sülh müqaviləsini imzalamaqdan imtina etməkdir. Bu yanaşma artıq Ermənistanın dövlət siyasətinə çevrilib.

Lakin Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub, geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq. Gec-tez sülh müqaviləsi, sərhədlırin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş başlamalıdır. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır. Azərbaycan heç zaman öz haqlı mövqeyindən bir addım da geri çəkilməyəcək.
Nikol Paşinyan Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, ötən il dekabrın 14-də Brüssel görüşü zamanı da zərbə aldı. Buna görə də Paşinyan dünənki görüşə xüsusi ümid bəsləməməli və bilməliydi ki, müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar.
Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman “dəmir yumruq” yenidən işə düşə bilər. Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxarmalıdır.
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı