Modern.az

Yeni faşizmin doktrinasını yazan adam - Onu bağışlamaq olarmı?!

Yeni faşizmin doktrinasını yazan adam - Onu bağışlamaq olarmı?!

Aktual

7 Aprel 2022, 11:44

İkinci Hitlerin birbaşa əmri ilə Ukraynanın Buça şəhəri yerlə bir edildi. Təxminən 37 min əhalisi olan şəhərdə bir salamat bina və küçə qalmayıb. Bütün dünya ayaq üstədir: törətdiyi ağır insani cinayətə görə İkinci Hitlerin beynəlxalq tribunal qarısında dayanmasını tələb edir. Sözün əsl mənasında Ukraynanın bir şəhəri külə  döndərilib.

Buçada dağılan binalar düzələsidi, yıxılan daşları yenidən ucaltmaq imkanları tükənməyib. Böyük dövlətlərin köməyi ilə dağıdılan yaşayış və inzibati binaların, xəstəxanaların, məktəblərin, uşaq bağçalarının və küçələrin yerində daha yaxşısı tikiləcək. Ancaq düzələ bilməyəcək, bir daha tikilməyəcək ömürlərdi ki, onları yenidən geri qaytarmaq mümkün olmayacaq.

Rusiya ordusunun müasir raketlərdən, ağır artilleriya komplekslərindən, T-90 tanklarından açdığı atəş nəticəsində 1000-lə günahsız və silahsız insan qətlə yetirilib. Buçanın küçələrinə, yaşayış binalarının önünə meyitləri sanki səpələyiblər. Öldürüləcəklərindən qorxaraq yaşayış binalarının zirzəmisində gizlənən əsasən qadın və uşaqlardan ibarət sakinləri “hitlerçi silahlı dəstələr” zirzəmilərə soxularaq, oradan çıxarıb birini digərinə bağlayandan sonra diri-diri üstlərinə benzin töküb yandırıblar. Gənc qızları isə rus döyüşçülərinə aid "Vilis" maşınlarına doldurub haralarasa aparıblar. Demək olar ki, Buça şəhərindəki bütün yaşayış binalarında dinc əhalini bu cür vəhşi metodlarla həyatdan məhrum edirmişlər.

Küçələrdə asfalt üzərində  parça-tikə edilmiş cəsədlərin üzərinə bir ucdan da  ac pişik və itlərin döşənib sökməsi haqda sosial şəbəkələrdə yayılan xəbərləri həyəcansız oxumaq olmur. Doğum evlərində öldürülən hamilə qadınları, hətta bətnində 6 aylıq uşağı olan ananın qarnınna 10-a yaxın avtomat gülləsi sıxaraq öldürən qatili insan-adam adlandırmaq sadəcə mümkün deyil. Müasir hitlerçilərin  1941-45-ci illərin hitlerçi sələflərindən bir mühüm fərqi vardır. İndikilərə əsir götürmək yasaqlanıb. Xüsusi  əmrə görə ələ keçirilən və istənilən mülki və ya hərbçi olsun, rütbəsindən asılı olmayaraq hər kəs yerindəcə öldürürülməlidir.

Müharibədə ölənin əziyyətini özləri çəkir, canlını götürüb əlavə problem yaratmaq prinsipi rus ordusu üçün əlverişsiz hərbi taktika hesab edilir. Ruslar Ukraynaya elan etdikləri savaşın ilk günündəncə daha qəddar və daha vəhşi döyüş qaydasını hərəkətə gətirdilər. Beləliklə, Buça şəhərində əsl soyqırımı törədildi.

Bu qanlı tarixin müəllifi uzaqlarda deyil. Oturub Kremldə və SSRİ-ni bərpa etmək məqsədi ilə belə bir dəhşət saçan yola əl atıb. Ukraynalı bir qadının sosial şəbəkələrdə səsləndirdiyi təsəvvür edilməsi ağla belə yerləşməyən, insanın damarında qanını donduran əxlaqsız hadisəni olduğu kimi ictimai fikrə çatdırmağı lazım bilirəm. Rus faşizminin yırtıcı simasını biabırçı şəkildə təqdim edən ukraynalı qadının ağlaya-ağlaya dediyi sözlər:

"Mənim evim Buça şəhər parkının yanındadır. Rusların hücumundan xilas olmaq üçün mən də daxil olmaqla şəhər merinin tapşırığı ilə binaların sakinləri, o cümlədən də ahıl və qocalar, qadınlar və körpə uşaqlar zirzəmiyə düşərək orada gizləndik. Göydən bombalar yağıştək yağırdı. Bina titrəyişdən az qala bu dəqiqə  başımıza uçacaqdı. Anaların, körpələrin ah naləsi ərşə qalxırdı. Elə bu an içkili rus əsgərləri zirzəminin qapısını qırıb içəriyə doluşdular. Əllərinə keçəni sürüyə-sürüyə bayıra çıxarırdılar. Bəxtimiz gətirdi, mən və 4 nəfər bina sakini zirzəminin güncündə taxtaların altında gizləndik və bizi görə bilmədilər. Əsgərlərdən biri bayırda qışqıra-qışqıra “komandir, icazə ver bunları cəhənnəmə yola salım” dedi. Komandir “Seryoja olmaz,  biz əmri icra etməliyik.Hamısını rezin şılanq və yoğun kəndirlə bir-birinə bağlayıb üstlərinə benzin töküb yandırmalıyıq. Yuxarıdan verilən tapşırıq belədir" söylədi”.

Görün nələr baş verir?! Özü də 21-ci əsrdə. Dünyanın ədaləti olsaydı, indi Buça qətliamı da baş verməzdi.

Erməni faşizminin 1992-ci ildə 366-cı rus alayının köməyilə Xocalıda törətdiyi soyqırımına göz yumulmasaydı, bəli, vəziyyət indi başqa şəkildə inkişaf etmiş olardı. Xocalı şəhərinin əhalisini ucdantutma qırdılar, dünyanın isə səsi çıxmadı.
İnsanlıqdan xəbərsiz erməni faşisti hamilə ananın qarnını xəncərlə yarıb 8 aylıq oğlan uşağını çıxarmış və hələ nəyin baş verdiyini bilməyən və anlamayan, doğuşuna bir ay qalmış körpə qardaşımızın başını əlindəki xəncərlə bədəndən ayırmışdı.
Buça qətliamında hamilə qadın üzərində aparılan vəhşi "təcrübə"dən daha dəhşətlisi istifadə olundu.

Buça-Xocalı faciəsini Ukrayna və Azərbaycan xalqına yedirdən eyni mərkəz oldu. Beynəlxalq aləm deyəsən artıq İkinci Hitlerin yediyi haram və qana bürünmüş çörəyi burnundan tam gətirmək qərarına gəlib. Rusiyanın FSB rəhbərinin ölkədə dövlət çevrilişinin həyata keçirilməsinə zəmin yaratmaq məqsədi ilə guya məlum qüvvələrin Buça hadisəsini qəsdən törətdiyini və bu istiqamətdə yaxın günlədə hər şeyin üzə çıxarılacağını söyləməsi onu göstərdi ki, problemin kökündə hansı sirr gizləndilir. 

FSB-nin bununla Qərbə, xüsusilə Birləşmiş Ştatlara işarə vurduğu aydın görünür. Rusiyanın xüsusi  kəşfiyyat idarəsinin bu yolla prezident Putini canavarın ağzından qoparmaq üçün göstərdiyi səy sadəlövh cəhddir. Gec, ya tez İkinci Hitler beynəlxalq məhkəmə qarşısında Buça cinayətinə görə cavab verməli olacaq. O, bu ağır cinayət əməli ilə yeni faşizmin doktrinasını yazdı. Onu bağışlamaq olmayacaq!


Eldar Sabiroğlu,
sabiq deputat, Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı