Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olub. 6 aprel görüşü üçtərəfli əsasda 4 saat yarımdan artıq davam edib. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib. Elə bu tarixdən də Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.
Aprelin 6-da, görüş başlayarkən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynaya humanitar yardım və dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Bu da danışıqların hansı temp və istiqamətdə getməsinə işarədir. Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir. Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
Görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatdan görünür ki, Ermənistan Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlanır. Burada əsas məqam Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbul olunması, bunun əsasında danışıqların aparılması və Azərbaycanın ərazi bütövlüyüdür. Sənəddə Dağlıq Qarabağ ifadəsi və ATƏT-in Minsk Qrupuna istinad yoxdur.
Bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhəd delimitasiya prosesinə başlaması, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, dəmir yolu və avtomobil yolunun çəkilməsi və quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana köməklik göstərilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşlərdə əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Malik Mirzəyev
YAP Lerik Rayon Təşkilatının sədri