Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Latviya Seyminin 9 may tarixini Ukraynada həlak olanların xatirəsi günü elan etməsini biabırçılıq adlandırıb.
Modern.az xəbər verir ki, Peskov bu gün keçirdiyi mətbuat konfransında Latviya Seyminin qərarına münasibət bildirib.
“İnanmaq istərdim ki, tarixi xatırlayan, onu əziz tutan, bu tarixlə fəxr edən latviyalılar hakimiyyətlərinin tamamilə biabırçı qərarlarına baxmayaraq, onu ürəklərində saxlayacaqlar”, - deyə Kreml rəsmisi vurğulayıb.
Qeyd edək ki, Latviya Seymi (parlamenti) 9 may tarixini Baltik Respublikasında Ukraynada həlak olanların anım günü kimi qeyd olunması ilə bağlı qanun layihəsini təsdiqləyib. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, həmin gün matəm elan ediləcək, kütləvi əyləncə və bayram tədbirlərinin keçirilməsi qadağan olunacaq. Həmçinin 8 və 9 may tarixlərində bütün ölkə ərazisində atəşfəşanlıq qadağan ediləcək.
Xatırladaq ki, 9 may tarixi Rusiyada Qələbə günü kimi qeyd olunur.