Modern.az

Teymur Bünyadov dəfn edildi - FOTO

Teymur Bünyadov dəfn edildi - FOTO

Aktual

9 Aprel 2022, 13:16

Əməkdar elm xadimi, “Şöhrət” və "Şərəf" ordenləri laureatı, akademik Teymur Bünyadov dəfn olunub.

 

Modern.az xəbər verir ki, vida mərasimi mərhumun evində keçirilib.

 

Mərasimdə elm, təhsil, mədəniyyət xadimləri, akademikin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra T.Bünyadov II Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Xatırladaq ki, tanınmış alim aprelin 8-də 94 yaşında dünyasını dəyişib.

 

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində doğulub, orta məktəbi qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. Moskvada SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasında təhsil alıb, dünyaşöhrətli qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi ilə “Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1955-ci ilin may ayında Azərbaycan EA Tarix İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin ildən onun bütün həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlı olub.

 

Alim 1968-ci ildə “Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1970-ci ildə professor elmi adına layiq görülüb. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.

 

O, elmi və bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də səmərəli fəaliyyət göstərib. Uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən dərs deyib.

 

Teymur Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak edib. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, həmin müddətdə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub.

 

Akademikin səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, 2008-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2005-ci ildə “Şöhrət” ordeni, 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı