Modern.az

Azərbaycan güclü idman ölkəsi kimi tanınır

Azərbaycan güclü idman ölkəsi kimi tanınır

Aktual

9 Aprel 2022, 19:57

Azərbaycan Respublikası demokratik inkişaf yolunu tutmuş, siyasi və iqtisadi cəhətdən müasir həyat tərzi qurmaqda olan dövlətdir. Dövlətin daxili siyasətinin prioritet sahələrindən biri kimi həmişə gənclərə qayğı, gənclərin harmonik inkişafı, cəmiyyətə açıq olması və sağlam həyat tərzi sürməsi istiqamətində aparılan işlər təşkil edir. Bu istiqamətdə yürüdülən siyasət xarici siyasətdə də özünü göstərir. Dövlət Azərbaycan gənclərinin dünya ölkələrində keçirilən ictimai-siyasi tədbirlərə qatılması, dünya gəncləri arasında ölkəmizin sözünü deyə bilməsi, ölkəmizin hüquqlarını müdafiə etməsi və bütün humanist tədbirlərə imza atması yolunda mühüm addımlar atır, gəncləri fəal və sağlam həyat tərzinə təşviq edir. Bu istiqamətdə dövlətin xüsusi qayğı ilə əhatə etdiyi sahələrdən biri də idmandır. 

 

Azərbaycanda idmana qayğı və diqqət Respublikanın müstəqilliyinin bərpasının ilk illərindən - 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlamışdır. Digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, idmançılarının müxtəlif nüfuzlu yarışlara qatılması, dövlətimizi layiqincə təmsil etməsi üçün addımlar atılmağa başlamışdır. Azərbaycan idmançılarının Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət almışdır. Qısa zamanda həyata keçirilən məqsədyönlü tədbirlər və düşünülmüş addımlar, dövlətin idmana və idmançılarımıza maddi və mənəvi dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları artmağa başlamışdır. Nəticədə bu gün Azərbaycan güclü idman ölkəsi kimi tanınmaqdadır. 

 

Bu prosesin belə uğurlu və sürətlə baş verməsinə 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsinin mühüm təsiri olmuşdur, ölkəmiz üçün Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafının yeni mərhələsi başlanmışdır. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirmişdir. 

 

Bu illər ərzində idmançılarımızın qatıldıqları hər bir mötəbər idman tədbirlərində əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir. 

 

Qeyd etmək lazımdır ki, cənab ilham Əliyev Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçildikdən sonra da idmanı dövlətin prioritet siyasət sahəsi kimi inkişaf etdirmişdir. Aparılan bu siyasətin növbəti uğurlarından biri də Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin qələbəsidir. Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz 16 medal qazanmışlar. Medalların birini qadın idmançımız, digərlərini isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanmış Avropada birinci olmuşdur. 

 

2020-ci ildə xalqımızın 44 günlük Vətən müharibəsində çaldığı qələbədən sonra idmançılarımızın dünya idman arenalarında qələbələrə imza atması xüsusi mahiyyət kəsb etmişdir. Onlar bununla Azərbaycanın bütün sahələrdə qalib bir xalq olduğunu nümayiş etdirir və bayrağımızı qalib ölkənin vətəndaşları kimi ucaldır, himnimizi qalib ölkənin zəfər himni kimi səsləndirməyə nail olurlar. 

 

Qeyd etmək lazımdır ki, idmançılarımızın Macarıstanda keçirilən yarışlarda növbəti qələbə əldə etmələri - Avropada birincilik qazanmaları bütövlükdə ölkəmizin qələbəsi, idman sahəsində böyük nailiyyətidir. 

 

İdmançılarımızı qələbə münasibətilə təbrik etmək üçün təşkil edilmiş görüşdə Prezident İlham Əliyev idman sahəsindəki qələbələrimizin müharibədə əldə etdiyimiz zəfərlə daha da möhkəmləndiyini və idmançılarımız üzərinə ədalət müharibəsində qələbə çalmış xalqın nümayəndəsi kimi məsul bir vəzifə düşdüyünü vurğulamışdır. O demişdir: «Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyirik».

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı