Fransada prezident seçkilərində yeni rekord bitərəf qalma qeydə alınacağı gözlənilir. İPSOS sosial sorğu şirkətinin apardığı sosial sorğuya görə, prezident seçkilərində bitərəf qalanlar 28 faizdən 32 faizə qədər ola bilər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada 49 milyon vətəndaşın səsvermə hüququ olduğu məlum olsa da, prezident seçkilərində bitərəf qalma nisbəti hələ qaranlıq qalır. Bitərəf qalma nisbətini təxmini 28 faiz götürdükdə bu rəqəm 5 il əvvəlki seçkilərdən (22,2 faiz) 6 bal çoxdur. 2002-ci il prezident seçkilərində fransızların 28,4 faizi səs verməyib. Ən aşağı bitərəf qalma nisbəti 1965-ci il prezident seçkilərində 15,25 faiz olub.
Bitərəf qalma seçicilərin bütün kateqoriyaları arasında bərabər deyil. Bitərəf qalanların əksəriyyətinin gənclər olduğu bildirilir. Belə ki, 35 yaşdan aşağı olanlar arasında bitərəf qalma 40 faizdən çox, 70 və daha çox yaşlılar arasında isə yalnız 15 faizdir.