Modern.az

Makron Parisdə qazandı, xaricdə uduzdu 

Makron Parisdə qazandı, xaricdə uduzdu 

Aktual

11 Aprel 2022, 12:46

Fransanın hazırkı dövlət başçısı Emmanuel Makron Parisdə keçirilən prezident seçkilərində səslərin 100%-nin hesablanmasından sonra birinci yeri tutub.

 

Modern.az xəbər verir ki, bu barədə bazar ertəsi səhər Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Belə ki, Makron paytaxtda 35,33%, ən yaxın rəqibi Jan-Lyuk Melenşon isə 30,09% səs toplayıb. Üçüncü yeri 8,16% səslə Erik Zemmur tutub. Paris meri və Sosialist Partiyasının namizədi Ann Hidalqo öz ərazisində cəmi 2,17% səs toplayıb.

 

Bununla belə, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Parisdən əlavə yeddi departamentin daxil olduğu İle-de-Fransın metropoliten bölgəsində Melenşon 30,24% səslə qalib gəlib. Makron 30,19 faizlə ikinci, Marin Le Pen isə 12,97 faizlə üçüncü olub. Paytaxt regionunun rəhbəri və Respublikaçılar partiyasının namizədi Valeri Pekress sağçı Reconquista partiyasının təsisçisi Zemmura (7,46%) uduzaraq beşinci yeri tutub (6,19%).

 

Melenşonun Marsel də daxil olmaqla bir sıra hazırkı hökumət üçün əlamətdar şəhərlərdə, eləcə də administrasiyasına keçmiş Baş nazir Eduardın rəhbərlik etdiyi Fransanın şimalında Makronun doğulduğu Amyen və Le Havre şəhərlərində birinci yeri tutması diqqət çəkir.

 

Bundan əlavə, Melenşon xaricdəki ərazilərdə qalib gəlib. Bazar ertəsi səhərə qədər ölkənin hər yerindən gələn bülletenlərin 97%-nin nəticələrinə görə, fransızların 21,95%-i ona səs verib. 

 

Qeyd edək ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. İlkin məlumatlara əsasən, seçicilərin 75%-ə yaxını prosesdə iştirak edib. Dövlət başçısı uğrunda 12 namizəd mübarizə aparıb. Səslərin 97%-i hesablandıqdan sonra indiki prezident Emanuel Makron (27,6%) və onun rəqibi, ultra sağçı Le Penin (23,41%) ikinci turda iştirakı təsdiqlənib.

 

İkinci tur aprelin 24-də keçiriləcək. Birinci turun ilkin nəticələrinin dərcindən sonra keçirilən sorğulara görə, Makron ikinci turda qələbə qazana bilər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı