“11 aprel tarixi Azərbaycan xalqı və dövləti üçün uğurlu bir tarixdir. Belə ki, bu gün cənab İlham Əliyevin dördüncü dəfə prezident seçilməsinin dördüncü ili tamam olur. Ötən 4 ilə nəzər salanda zəngin və mühüm tarixi hadisələrə şahidlik etdiyimizi söyləmək olar. Hər bir sahədə həyata keçirilən islahatlar uğurlu bir formada davam edir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov ölkə başçısının 2018-ci ilin 11 aprelində prezident seçilməsinin əhəmiyyətini şərh edərkən deyib.
Deputatın sözlərinə görə, 2003-cü ildə yeni prezident seçkiləri keçirilən zaman cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib:
“Həmin seçkilərdən ötən on səkkiz il ərzində cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçərək bir çox iqtisadi və siyasi qələbələrə imza atıb. Xalqın etimadını doğruldan Prezident 11 aprel 2018-ci ildə sayca 8-ci rəsmi seçki olan növbədənkənar prezident seçkilərində yenidən səs çoxluğu ilə yenidən Azərbaycan Respublikası Prezidenti vəzifəsinə seçilib. Bu gün ölkə başçımız, xalqın mütləq əksəriyyətinin etimad göstərdiyi lider kimi ölkəmizi müstəqil və ərazi bütövlüyü təmin edilmiş dövlət kimi dünyada təmsil etməkdədir. Azərbaycan xalqı bu seçimi ilə inkişafa, tərəqqiyə, təhlükəsizliyə və xoşbəxt gələcəyə səs verib”.
Məşhur Məmmədov Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin xalqın və dövlətinin mənafeyinə köklənmiş fəaliyyəti sayəsində ölkədə dinamik iqtisadi tərəqqi və ictimai-siyasi sabitlik təmin edildiyini vurğulayıb:
“2003-2018-ci illər ərzində Azərbaycan mürəkkəb siyasi və iqtisadi vəziyyətlərdən üzüağ çıxaraq regionun ən güclü dövlətinə və nüfuz sahibinə çevrilib. Bu illər ərzində Azərbaycan xalqının vətənpərvərlik ruhu yüksəlmiş, azərbaycançılıq ideologiyası formalaşmışdır və Azərbaycan xalqı dünyanın hansı ərazisində yaşamasından asılı olmayaraq, bütün məsələlərdə Vətəni ilə həmrəylik nümayiş etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan misli görünməmiş diplomatik uğurlar qazanmışdır. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan qırx dörd günlük Vətən müharibəsi zamanı əksəriyyəti qərəzli mövqe sərgiləyən müxtəlif nüfuzlu mətbuat orqanlarının müxbirlərinə Prezidentin verdiyi tutarlı cavabları və bir sıra dövlət rəhbərləri ilə apardığı danışıqlar onun beynəlxalq nüfuzunun bariz nümunəsidir. Müharibədə əldə etdiyimiz qələbə də düşünülmüş daxili və xarici siyasətin uğurlu nəticəsidir.
Azərbaycan öz siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirdikdən sonra dövlətin beynəlxalq aləmdə nüfuzu yüksəlmişdir. Cənab İlham Əliyev təcrübəli siyasətçi və dövlət xadimi olaraq BMT, AŞPA, ATƏT, NATO kimi nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunalarından bir sıra məsələlərin həlli istiqamətində qətiyyətli çıxışlar etmiş, onun humanist təşəbbüs və təklifləri hörmətlə qarşılanıb”.