Aprelin 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan və Ermənistan XİN başçıları arasında ilk dəfə birbaşa təmasların aparılması müsbət qiymətləndirilir. Siyasi ekspertlər sülh sazişinin hazırlanması istiqamətində danışıqlar aparılmasının faydalı olduğunu düşünürlər.
Bu barədə Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, nazirlərin telefon danışığında sülh sazişinə aid məsələlər praktiki cəhətdən müzakirə edilib:
“Bu, o deməkdir ki, hansısa qurumlara, yəni nazirliklərin tərkibində olan idarələrə üzərində praktiki işlər görülməli olan məsələlərlə bağlı təkliflər irəli sürülüb. Yəqin ki, konstruktiv təkliflər, yenə Azərbaycan tərəfindən verilib”.
Sabiq XİN başçısı vəziyyətə pessimist yanaşdığını söyləyib:
“Təcrübə onu göstərir ki, danışıqların aparılması hansısa dəqiq nəticələrin əldə olunacağı demək deyil. Çünki danışıqlara, Moskvada olan razılıqlara, üçtərəfli bəyanatın tələblərinə baxmayaraq, ermənilər öz öhdəliklərini icra etməklə bağlı konkret addımlar atmırlar”.
T.Zülfüqarovun fikrincə, Ermənistan danışıqlarda özünü müsbət mövqe tuturmuş kimi göstərməyə çalışır:
“Biz görürük ki, Ermənistan üzərinə öhdəlik götürür. Ancaq müəyyən bəyannamələr üzrə götürülmüş öhdəliklərin heç biri praktiki olaraq icra edilmir. Hazırda davam edən danışıqlar prosesində, birbaşa danışıqlarda Ermənistanın məqsədi sadəcə dünya ictimaiyyətində konstruktiv mövqe tutduğuna dair rəy yaratmaqdır. Qətiyyən, Ermənistanın məqsədi nəticə əldə edilməsi deyil. Bundan sonrakı danışıqlar zamanı ermənilər elə təkliflər irəli sürəcək ki, yenə əsas məzmun itəcək. Bu, onların həmişəki taktikasıdır”.