Urgell Yepiskop Sarayında təşkil olunmuş xüsusi mərasim zamanı səfir Ramiz Həsənov ölkəmizin Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin olması ilə əlaqədar etimad məktubunun əsl nüsxəsini Andorra Knyazlığının həmşahzadəsi, arxiyepiskop Joan Enrik Vives Sisiliyaya təqdim edib.
Modern.az xəbər verir ki, mərasim zamanı Andorranın dövlət başçısı Ramiz Həsənovu salamlayaraq onu Azərbaycan Respublikasının Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Etimadnamənin təqdim edilməsi mərasimindən sonra R.Həsənov J.E.Vives Sisiliyanın, Andorra Knyazlığının xarici işlər naziri Mariya Ubaç Fontun və həmşahzadənin Fransada şəxsi nümayəndəsi Josep Mauri Priorun müşayiəti ilə görüş üçün ayrılmış xüsusi otağa dəvət olunub.
Görüşün əvvəlində J.E.Vives Sisiliya səfiri bir daha salamlayaraq ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib, eyni zamanda, onun ən xoş və səmimi salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edərək Prezidenti Andorrada görməkdən şərəf duyacaqlarını bildirib.
Səfir öz növbəsində, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Andorranın həmşahzadəsinə və ümumilikdə Andorra xalqına ünvanlanmış səmimi salamlarını və xoş arzularını çatdıraraq J.E.Vives Sisiliyanı ona uyğun bir zamanda, Azərbaycanda görməkdən şərəf duyacağımızı bildirib.
Görüş zamanı Azərbaycan tərəfinin Andorra ilə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əlaqələrin inkişafında maraqlı olduğu, turizm, qış turizmi, elm, təhsil, idman, mədəniyyət, humanitar, gənclər və digər sektorlarda əməkdaşlıq əlaqələrinin inkişafı üçün potensialın olduğu diqqətə çatdırılıb.
Ölkəmizin sülh, tolerantlıq, dinlərarası və mədəniyyətlərarası dialoqa bağlı olması Joan Enrik Vives Sisiliyanın diqqətinə çatdırılıb. Bu mənada, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Fond tərəfindən humanitar sahədə həyata keçirilən layihələrin, görülən işlərin mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına xidmət etməsindən söz açılıb.
Xüsusi olaraq vurğulanıb ki, Fond 2015-ci ildə Roma şəhərində yerləşən, xristianlığın ən dəyərli abidələrindən hesab olunan Müqəddəs Marçellinio və Pietro katakombalarının (100-200-cü illərə aid) bərpasını başa çatdırıb. Eyni zamanda, Heydər Əliyev Fondunun mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına verdiyi mühüm töhfə kimi 2020-ci ildə Vatikanda Müqəddəs Pyotr Kilsəsində “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpa edilməsi qeyd olunub.
Tolerantlıq və dialoq sahəsində görülmüş işlərin nəticəsi olaraq, Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycana səfər etdiyi, Müqəddəs Məryəm katolik kilsəsində dua mərasimi zamanı Azərbaycanı “sivilizasiyalar arasında körpü” adlandırdığı diqqətə çatdırılıb.
Andorra Knyazlığının həmşahzadəsi dəyərli məlumata görə, təşəkkürünü bildirərək Azərbaycanın tolerantlıq və dinlərarası əməkdaşlığa töhfəsinin Müqəddəs Taxt-Tac tərəfindən yüksək qiymətləndirildiyini, bu cür ali dəyərlərə xidmət edən təşəbbüslərin unudulmayacağını qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.