Prezident İlham Əliyev bu ilin birinci rübünə həsr olunmuş müşavirədə bir çox mühüm məsələlərə toxundu. Dövlət başçısı iqtisadi hədəflər, siyasi prioritetlərlə yanaşı, ordu quruculuğundan da danışaraq, bu sahədə görüləcək işlərlə bağlı tapşırıqlar verdi. Ali Baş Komandan 44 günlük Vətən müharibəsinin təhlil edildiyini, bunu nəzərə alaraq yeni silahların və texnikaların alınmasının vacibliyini diqqətə çatdırdı.
Dünənki müşavirə barədə Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ölkə başçısı çıxışı zamanı bir çox məsələlərə aydınlıq gətirib. O cümlədən Ermənistanın silahlanması, ordu quruculuğu və Azərbaycanın hədəfləri ilə bağlı məsələlərə diqqət yetirilib:
“Cənab Prezident bütün beynəlxalq qurumlara və erməniləri silahlandırmaq meylində olan ölkələrə mesaj verdi ki, Ermənistanın silahlanması gözləniləndən, hətta beynəlxalq silahlara nəzarət qurumlarının nəzərdə tutduğu kvotadan qat-qat çox idi. Prezident digər tərəfdən bir daha vurğuladı ki, Ermənistan özü kasıb ölkə olsa da, qaytara bilməyəcəyi böyük kreditlər sayəsində silahlanır. Beləliklə, silahlanmasını təmin edən ölkələrin sifarişini yerinə yetirmək məcburiyyətində qalır. Bunu Cənubi Qafqazda sülhə təhlükə kimi qəbul etmək lazımdır. Prezident Ermənistanı bu və ya digər formada silahlandıran ölkələri “dost olmayan” ölkələr kimi qəbul edəcəyi ilə bağlı mesaj verdi. Bu, doğrudan da, yaxın tarixin reallığından irəli gəlir".

Ekspertin sözlərinə görə, Prezidentin ən vacib mesajlarından biri də işğal faktını unutmamaqla bağlı olub:
“Bu, o deməkdir ki, biz həmişə güclü olmalıyıq. Güclü olmaq üçün ordu güclənməlidir. Buna görə lazım olan vəsaitin ayrılacağının bildirilməsi tapşırıq kimi qəbul edilməlidir. Cənab Prezident 44 günlük Vətən müharibəsinin hər gününü təhlil edərək, artıq müəyyən inkişaf prespektivini müəyyən edib”.
“Bundan əlavə, Azərbaycan Ordusunda komando hərbi hissələrin yaradılması, bu hissələrin sayının artırılması və silahlı birləşmələrin gücləndirilməsi vacib amildir. Azərbaycan bu istiqamətdə çoxtərəfli işlər gördüyünü sübut etdi. Türkiyə, İsrail kimi ölkələrlə müqavilələrin şərtləri həyata keçirildi. Bundan sonra alınacaq silahlar məhz Azərbaycanın 44 günlük Vətən müharibəsində özünü doğruldan silahlardan olacaq. Məlum olduğu kimi, bu müharibədə Türkiyə və İsraildən alınan müasir silahlardan geniş istifadə olunurdu”, - deyə Ş.Ramaldanov bildirib.
Ekspert Azərbaycanın bundan sonra da güclü olmasının vacibliyinə diqqət çəkib:
“Düşünürəm ki, Prezidentin müdafiə sənayesi ilə bağlı fikirləri ona dəlalət edir ki, bundan sonra Azərbaycan bu sahədə öz imkanlarından istifadə edəcək. Ümumiyyətlə, cənab Prezidentin çıxışından nəticə çıxarmaq olar ki, Azərbaycan öz dövlətini, torpağını, xalqını qorumaq istəyirsə, güclü olmalıdır. Regionda sülhün qorunması üçün Azərbaycanın güclü olması vacibdir. Azərbaycan Ordusunun inkişafı ölkənin iqtisadi gücünün güzgüsüdür. Ona görə, güclü iqtisadiyyatı olan ölkənin güclü ordusu olmalıdır”.