Hərbi Prokurorluq Dövlət Sərhəd Xidmətinin Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlunun vəfat etməsilə bağlı araşdırma aparır.
Bu barədə Modern.az-a açıqlamasında Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Bakı hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib.
"Fakt üzrə Bakı hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib. DSX-dan bildirilib ki, həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq, hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.