Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Moskva" raket kreyserinin göyərtəsində güclü partlayış olub.
Modern.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi hadisəyə münasibət bildirib. O, gəmidəki partlayışın Odessadan 96 kilometr cənubda baş verdiyini xatırladıb.
Kirbi partlayışın səbəbinin hələ bilinmədiyini vurğulayıb.
"Hazırda gəmini güman ki, Sevastopola aparırlar", - deyə Pentaqon rəsmisi söyləyib.
Xatırladaq ki, Ukrayna tərəfi gəminin yerli istehsal "Neptun" gəmi əleyhinə raket sistemləri ilə vurulduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyi gəmidə partlayış olduğunu bildirib. Nazirlik sovet dövründən qalma gəmidə yanğının qarşısının alındığını, lakin ciddi ziyan dəydiyini qeyd edib.
Onu da bildirək ki, 1983-cü ildə istismara verilən "Moskva" raket kreyseri 700 km mənzilə malik 16 ədəd "Vulkan" qanadlı raketləri ilə silahlanıb.
Akif İsmayılov