Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Quba şəhərində yerləşən deputat ofisində seşiciləri ilə görüşərək, onları təkbətək qəbul edib.
Modern.az xəbər verir ki, deputatın Milli Məclisdəki fəaliyyəti ilə maraqlanan seçicilər onları düşündürən bir çox sualları birbaşa deputata vermək imkanlarından istifadə ediblər. Çıxışlarda deputatın Milli Məclisdəki fəaliyyətinə yüksək qiymət verilib, belə görüşlərin tez-tez keçirilməsi istəyi ifadə olunub.
Görüşdən sonra Quba, Xaçmaz və Sumqayıtdan olan 97 vətəndaş V.Əhmədov tərəfindən fərdi qaydada qəbul edilib. Qəbul zamanı bir şox məsələlər-iş yerlərinin olmaması, mübahisəli torpaq sahələrinin həllində yaranan süründürməçilik halları, təbii fəlakətlər zamanı dəymiş ziyanın düzgün qiymətləndirilməməsi, evlərin təmirinə köməklik, ev tikintisi üçün torpaq sahələrinin verilməsi, sosial yardımların, eləcə də əlilliyin təyini ilə bağlı son zamanlar yaranmış qeyri-müəyyənliklər və s.deputat qarşısında qaldırılıb.
Deputat tərəfindən yerindəcə görülmüş tədbirlər sayəsində bir çox problemlər öz həllini tapıb, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.
Günün ikinci yarısında deputatın təşəbbüsü ilə Quba şəhərində yerləşən Nərgiz plaza sarayında Ramazan bayramı münasibəti ilə iftar süfrəsi təşkil olunub. Tədbirdə şəhid ailələri, qazilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər. Çıxış edənlər Ramazanın həmrəylik,dostluq,qardaşlıq,sevgi,mərhəmət və ruzi-bərəkət ayı olduğu qeyd etmiş, bu ayda insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırıblar.