Modern.az

Ermənilər barışığa “YOX” deyir – Bəs türklər nə düşünür?

Ermənilər barışığa “YOX” deyir – Bəs türklər nə düşünür?

Aktual

15 Aprel 2022, 14:00

Son vaxtlar rəsmi İrəvan Türkiyə ilə münasibətlərin normallaşması üçün addımlar atır, erməni xalqının Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istəyini bəyan edirdi. Amma Ermənistanda keçirilən sorğu bunun tam əksini ortaya qoydu. 


Belə ki, aprelin 2-dən 4-dək Ermənistanda Türkiyə ilə barışıq və sərhədlərin açılması ilə bağlı sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına qarşı çıxıb.

 

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə bağlı rəsmi mövqeyin ictimai sorğulara əsaslandığını bildirmişdi. Keçirilən sorğu göstərdi ki, ermənilərin yarıdan çoxu Türkiyə ilə barışığın əleyhinədir.

 

Türkiyənin buna reaksiyası necə olacaq?

 

 

Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş Modern.az-a bildirib ki, erməni xalqının mövqeyi İrəvan hakimiyyətinin siyasətilə üst-üstə düşmür. Onun sözlərinə görə, rəsmi Ankara İrəvanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanla razılaşdırılmış addımlar atır.

 

“Hazırda Türkiyədə qeydiyyatda olan 150 minə yaxın erməni çalışır. Hələ bu, dövlətdə qeydiyyatı olanlardır, bizim bilmədiyimiz, qeydiyyatı olmayan ermənilərin sayı çoxdur. Onlar Türkiyədə yaşayır və fəaliyyət göstərirlər. Hava yolları açılandan sonra ermənilərin sayı daha da artıb. 

 

Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq istəyi Azərbaycanla razılaşdırılıb. Yəni Türkiyə Azərbaycan istəmədikcə ermənilərlə münasibətləri normallaşdırmağa çalışmaz. Hazırda Türkiyə Azərbaycan və Ermənistan arasında gedən prosesləri izləyir və buna uyğun hərəkət edir. Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa çalışdığı zaman Türkiyə də oxşar addım atacaq. Biz tamamilə Azərbaycana uyğun hərəkət edirik.

 

Xalqın düşüncələrinə uyğun olsa, Türkiyə xalqı da Ermənistanla barışmaq istəməz, lakin bizdən asılı olan ermənilərdir. Burada əsas istiqamət dövlətin attığı addımlara yönəlir. Türkiyə xalqı Azərbaycan xalqı ilə eyni düşüncədədir. Biz hazırda iki ölkə olaraq Ermənistanın vəziyyətini izləyirik. Əgər Azərbaycan və Türkiyə üçün hər hansı əks addımlar atılarsa, Türkiyə barışıq istəyini geri çəkəcək”, - deyə türkiyəli general vurğulayıb.

 

 

Xatırladaq ki, İrəvan və Ankara ötən ilin sonunda əlaqələrin normallaşması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. Ermənistan tərəfdən danışıqlara parlamentin vitse-spikeri Ruben Rubinyan qatılır, Türkiyəni isə ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç təmsil edir. Onlar artıq bir neçə dəfə görüş keçiriblər. Bu yaxınlarda Varşavada növbəti görüşün keçirilməsi nəzərdə tutulub.


Hazırda Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. İki ölkə arasında sərhədlər 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı