“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Milli Ensiklopediyanın növbəti cildi çap olunub.
AMEA-dan Modern.az-a verilən xəbərə görə, ensiklopediya 10 min nüsxədə çap edilib. Bildirilib ki, Azərbaycan Milli Ensiklopediyasının nümunəvi və satış nüsxələri cildləri indiyə qədər Almaniyada çap edilirdi. Nəzərdə tutulan vaxtda çapa hazır olmasına baxmayaraq, 10-cu cildin Almaniyada buraxılması pandemiya şəraitindən irəli gələn çətinliklərə görə reallaşmayıb. Cildin həcmi 600 səhifədir.
Eyni zamanda əlavə edilib ki, Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildləri kimi 10-cu cildi də yüksək bədii tərtibatla hazırlanıb, məqalələr, termin və məlumatlar yeri gəldikcə şəkil, xəritə və sxemlər ilə verilib.
Qeyd edək ki, Ensiklopediyanın hazırlanmasında Respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri, mütəxəssislər ensiklopediyanın hazırlanmasında iştirak ediblər. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində hazırda milli ensiklopediyanın növbəti 11-ci cildi çapa hazırdır, növbəti cildlər üzərində iş gedir.