Modern.az

Abşeronda Beynəlxalq Mədəniyyət Günü qeyd olundu

Abşeronda Beynəlxalq Mədəniyyət Günü qeyd olundu

Aktual

15 Aprel 2022, 19:00

Abşeron Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Abşeron” qəzeti redaksiyasının və Azərbaycan Yazıçılar Birliyi (AYB) Abşeron bölməsinin birgə təşkilatçılığı ilə 15 Aprel - Beynəlxalq Mədəniyyət Günü münasibətilə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı-dramaturq İlqar Fəhmi, mədəniyyət işçiləri, şairlər və məktəblilər iştirak ediblər.

 

Modern.az xəbər verir ki, “Abşeron” qəzetinin baş redaktoru, AYB Abşeron bölməsinin sədri, yazıçı-publisist Şəhla Ağbulud tədbiri açaraq Azərbaycanın qədim tarixindən, ədəbiyyatından, mədəniyyətindən danışıb. Bildirib ki, Azərbaycan Vətən müharibəsində öz torpaqlarını yağı düşməndən xilas etməklə, ərazi bütövlüyünü bərpa edib. Bir ildən artıqdır Azərbaycan xalqı bayramları, əlamətdar günləri daha böyük ruh yüksəkliyi ilə qeyd edir. Buna görə biz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, Ordumuza, qazilərimizə və şəhidlərimizə minnətdarıq.

 

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova tədbir iştirakçılarını Beynəlxalq Mədəniyyət Günü münasibətilə təbrik edərək vurğulayıb ki, Azərbaycan qədim tarixə və mədəniyyətə malik ölkədir. Düşmənlərimiz 30 il işğal dövründə tarixi abidələrimizi, milli mədəniyyət nümunələrimizi dağıdıb. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə hazırda böyük bərpa-quruculuq işləri həyata keçirilir.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-dramaturq İlqar Fəhmi ölkəmizdə şairlərə, sənət adamlarına diqqət və qayğının göstərildiyini qeyd edərək bildirib ki, Azərbaycan bu gün malik olduğu zəngin irslə beynəlxalq aləmdə tanınır. Həmçinin ölkəmiz dünyada ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir. Mədəniyyətimiz dünyada təbliğ olunur. Mədəni irsimizin dünyada tanınmasında UNESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

 

AMEA-nın əməkdaşı, dosent Seyranə Kasimi, Azərbaycan Televiziyasının redaktoru Avdı Qoşqar, şair Qadir Süstlü, Abşeron Rayon Heydər Əliyev Muzeyinin direktoru Tükəzban Həsənova, Abşeron Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cəmilə Kərimova və başqaları Abşeronun tarixi və mədəniyyəti barədə danışıblar.

 

Dövlət Musiqili Komediya Teatrının aktyoru, Əməkdar artist, Prezident mükafatçısı Nadir Xasıyev, Xalq artisti Şükufə Musayeva, “Xəzri” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Təyyar Mirzəyev, “O səs Türkiyə” yarışmasının finalçısı İlham Əsgəroğlu, xanəndə Qəhrəman Qəmbərov, Fatmayı klubunun direktoru Afət Nəbiyeva və istedadlı şagirdlər öz ifaları ilə tədbirə xüsusi rəng qatıblar.

 

***

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə mədəniyyət müəssisələrində də Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş tədbirlər keçirilib. Belə ki, Abşeron rayon Heydər Əliyev Mərkəzində və Abşeron rayon Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” və “Mədəniyyət və tolerantlıq” mövzularında dəyirmi masa təşkil olunub.

 

Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov çıxış edərək ölkəmizdə mədəni sahədə görülən işlərdən ətraflı danışıb. Ulu Öndərin Azərbaycanda mədəni mühitin inkişaf etdirilməsində misilsiz xidmətlərinin olduğunu bildirən İlham Manafov vurğulayıb ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə verdiyi töhfələrdən danışılaraq vurğulanıb ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi proqramlar nəticəsində Azərbaycan mədəniyyəti dünya arenasında tanıdılıb.

 

Daha sonra Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Kamran Musayev, bədii rəhbəri Samirə Qafarova, Fatmayı kənd Diyarşünaslıq klubunun müdiri Afət Nəbiyeva mühazirə ilə çıxış ediblər.

 

Sonda mədəniyyət sahəsindəki fəaliyyətində fərqlənən bir qrup əməkdaş fəxri fərmanla təltif olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı