Modern.az

Azərbaycanda hər 1 milyon nəfərin 800-ü böyrək xəstəliyindən əziyyət çəkir

Azərbaycanda hər 1 milyon nəfərin 800-ü böyrək xəstəliyindən əziyyət çəkir

Aktual

16 Aprel 2022, 10:21

Azərbaycanda hər 1 milyon əhalinin 700-800 nəfəri böyrəklərin xroniki xəstəliyindən əziyyət çəkir.

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev bildirib.

“Böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Bu xəstəliyin yaranma səbəbləri 26-28 faiz halda qlomerulonefritlə (böyrək yumaqcıqlarının (glomerulus) zədələnməsi ilə xarakterizə olunan xəstəlik), 23-27 faizi şəkərli diabetlə, 15-16 faizi arterial hipertoniya xəstəliyi (sistolik qan təzyiqinin artması sindromu) ilə, 13-15 faizi xroniki pielonefritlə (böyrək parenximasının və böyrək ləyəninin süst gedişli, arabir kəskinləşmə verən bakterial iltihabi xəstəliyi), 4-6 faizi polikistoz xəstəliyi (yumurtalıq funksiyasının pozulması ilə müşayiət olunan poliendokrin sindrom) ilə, 4-5 faizi uroloji, 2-3 faizi isə digər səbəblərlə əlaqədardır”, - həkim deyib.

Onun sözlərinə görə, Azərbaycanda böyrəklərin xroniki xəstəliyindən əziyyət çəkənlərin 40-45 faizi (təxminən 3700 xəstə) hazırda aktiv formada böyrək əvəzedici terapiyanın (BƏT) bir növü olan proqram hemodializ müalicəsi qəbul edirlər.

Bu xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar.

“Qeyd edim ki, ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən 43 hemodializ mərkəzi 800 “süni böyrək” cihazı ilə təchiz olunub. Xəstələrə 256 həkim-nefroloq və 458 tibb bacısı xidmət göstərir”.

Mütəxəssis deyib ki, bu xəstəliyin subyektiv və obyektiv əlamətləri var.

“Subyektiv simptomlara ümumi zəiflik, halsızlıq, iştahasızlıq, yuxunun pozulması, dəri qaşınması, sidiyin miqdarının azalması, aşağı ətraflarda ödemlər, ürəkbulanma, qusma, əzələ qıcolmaları, oynaqlarda ağrı, arterial təzyiqin vaxtaşırı artması və s. aiddir. Obyektiv simptomlara anamnez, instrumental, laborator müayinələrin nəticələrinə əsasən qanda kreatininin, sidik cövhərinin, qalıq azotun, sidik turşusunun səviyyəsinin artması, elektrolit (K, Na, Ca, F) və turşu-qələvi balansının pozulması, anemiyanın yaranması halları daxildir”.

Böyrəklərin funksiyasının itməsinin səbəblərindən danışan həkimin sözlərinə görə, bura anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri, immun xəstəlikləri, hər hansı maddələrlə zəhərlənmələr, anadangəlmə uroloji patologiya, böyrək daşı xəstəliyinin müalicəsinin uzun müddət düzgün aparılmaması və s. amillər daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı