Modern.az

Abşeron dairəvi dəmir yolunda reys sayı 96-ya çatıb

Abşeron dairəvi dəmir yolunda reys sayı 96-ya çatıb

Aktual

Bu gün, 09:06

Abşeron dairəvi dəmir yolu üzrə reys sayı 66-dan 96-ya çatdırılıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarında Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib:


“Son illərdə ADY Abşeron dairəvi marşrutunun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, “ADY Mobile” mobil tətbiqi istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb. Nəticə etibarilə Abşeron dairəvi dəmir yolu üzrə reys sayı 66-dan 96-ya çatdırılıb.

Dövlət Proqramında həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur. Bundan başqa, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə,  Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı–Pirşağı–Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dəmiryol dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır. ADY tərəfindən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, hazırda layihələndirmə işləri icra olunur.

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə istifadədə olan xətlərdə Baş Keşlə və N.Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray, Güzdək və Binəqədi dayanacaqlarının yaradılması hesabına dayanacaqların sayı 22-yə çatacaq. 2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 40-a çatdırılması planlaşdırılır.

Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığı artırılacaq.

Həmçinin 2030-cu ilədək 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır.

Bütün bu tədbirlər Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulmasına, sərnişin mobilliyinin keyfiyyətinin artırılmasına, həm şəhər daxilində, həm də ətraf ərazilərdə sərnişindaşıma imkanlarının, nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığının artırılmasına səbəb olacaq”,-deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV