Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin açıq məktubu ilə hələ tanış olmaq imkanı əldə etməyib, lakin Kreml artıq onu görüb.
Modern.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Bəli, biz məktubu görmüşük. Amma Rusiya prezidenti hələ onunla tanış olmaq imkanı əldə etməyib”, – deyə Peskov qeyd edib.
“Bu barədə prezidentə Özbəkistan liderinin işgüzar səfəri başa çatdıqdan sonra məruzə olunacaq”, – Kreml sözçüsü əlavə edib.
Peskov həmçinin bildirib ki, “əgər Zelenski Putinlə görüşmək istəyirsə, Moskvaya gələ bilər”.
“Zelenski istənilən vaxt Moskvaya gələ bilər. Prezident Putin deyib ki, əgər Zelenski danışmaq istəyirsə, Moskvaya gələ və bunu edə bilər”, – Rusiya prezidentinin mətbuat katibi jurnalistlərin Ukrayna liderinin Rusiya prezidenti ilə görüş təkliflərinin artması barədə sualına cavabında bildirib.
Xatırladaq ki, Ukrayna lideri Volodimir Zelenski Vladimir Putinə münaqişəni başa çatdırmağı təklif edib.
Zelenski bu barədə yazdığı məktubu öz saytında dərc edib.
“Ukrayna müharibəni sizinlə bizim aramızda olan formatda başa çatdırmağı təklif edir”, - deyə məktubda qeyd olunub.
Zelenski “hamının hamıya” prinsipi əsasında əsir mübadiləsinə hazır olduğunu və beynəlxalq tərəfdaşların iştirakı ilə uzunmüddətli təhlükəsizlik təminatlarının axtarılmasını dəstəklədiyini bildirib.
O, müharibənin başa çatdırılması yollarını müzakirə etmək üçün neytral ölkədə şəxsi görüş keçirməyi təklif edib və danışıqlar müddətində tam atəşkəsə çağırıb.
Zelenski hesab edir ki, ABŞ prosesdə iştirak etməlidir və bunun yeni təhlükəsizlik arxitekturasının formalaşmasında müəyyənedici rol oynaya biləcəyini vurğulayıb.