Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələri və Avropa siyasi elitalarını sərt tənqid edib.
Modern.az xəbər verir ki, Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı bildirib ki, Avropa elitaları yeni ölkələri geosiyasi qarşıdurmalara cəlb etməyə çalışır.
“Avropa elitaları elə bir xaos yaradır ki, ora getdikcə daha çox ölkəni cəlb etməyə çalışırlar”, – deyə o vurğulayıb.
Putin Avropa bürokratiyasının “aqressiv siyasətini” uzaqgörən olmayan yanaşma adlandıraraq bildirib ki, Qərb artıq əvvəlki kimi qlobal iqtisadi sistemə dominant təsir göstərə bilmir.
Rusiya prezidenti qeyd edib ki, beynəlxalq ticarət sistemi tədricən Qərbmərkəzli modeldən uzaqlaşır.
“Qlobal ticarət sistemi artıq Qərbmərkəzli olmaqdan çıxır”, – deyə Putin bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri ticarətdə üstünlüklərini itirməyə başladıqdan sonra ümumi qaydalara maraqlarını azaldıblar.
Putin əlavə edib ki, Ümumdünya Ticarət Təşkilatının zəifləməsinin əsas səbəbkarları onu yaradan Qərb ölkələrinin özləridir.
Rusiya lideri həmçinin vurğulayıb ki, son illərdə milli valyutalarda hesablaşmalar genişlənib, yeni nəqliyyat dəhlizləri yaranıb və qlobal iqtisadiyyat daha çoxqütblü modelə keçid edir.
O qeyd edib ki, Avrozonada dövlət borcu ÜDM-in 81,7%-nə yüksəldiyi halda, Rusiyada bu göstərici 16,4% təşkil edir.