Bərdə rayonunda məskunlaşmış Kəlbəcər rayon sakini Elnur Babayevin "Prior Leasing" Açıq Səhmdar Cəmiyyəti ilə bağlı Modern.az saytına ünvanladığı şikayət məktubunu təqdim etmişdik. Məsələ ilə bağlı “Prior Leasing” ASC tərəfinin məsələ ilə bağlı redaksiyamıza ünvanladığı cavab məktubunu təqdim edirik.
"Prior Leasing" Açıq Səhmdar Cəmiyyəti, yayımlanan həmin məqaləni diqqətlə nəzərdən keçirmiş və orada yer alan bir sıra iddiaların həqiqəti əks etdirmədiyini, məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla açıq şəkildə ziddiyyət təşkil etdiyini rəsmi olaraq bəyan edir.
1. Məhkəmə "Prior Leasing" ASC-nin hər hansı hüquq pozuntusunu müəyyən etməmişdir
Məqalədə "hüquqların kobud şəkildə pozulması" və "etimaddan sui-istifadə" iddia edilir. Bu iddialar əsassızdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8669/2025 saylı işi üzrə hakim Zamanlı Pərviz tərəfindən 24.04.2026-cı il tarixdə çıxarılmış qətnamə ilə Elnur Babayevin qarşılıqlı iddiası tam həcmdə rədd edilmişdir. Məhkəmə nə "aldatma", nə "yanılma", nə də hüquq pozuntusunun mövcudluğunu təsdiq etmişdir.
2. Texnikanın qaytarılması könüllü iradə ilə rəsmiləşdirilmişdir
Məqalədə Elnur Babayev texnikanı "aldanaraq" qaytardığını iddia edir. Məhkəmə isə müəyyən etmişdir ki, 12.06.2025-ci il tarixli "Müştəridən lizinq obyektinin qaytarılmasına dair təhvil-təslim aktı" iddiaçı tərəfindən öz iradəsi ilə imzalanmışdır. Aktda lizinq obyektinin markası, modeli, şassi nömrəsi, buraxılış ili əks olunmuş, hər iki tərəfin imzası mövcuddur. Məhkəmə həmçinin aydın şəkildə qeyd etmişdir ki, akt forma baxımından tam hüquqi qüvvəyə malik sənəddir.
3. Sözügedən verbal vəd şirkəti hüquqi baxımdan bağlamır
Məqalədə Bərdə filial müdiri Elçin Kərimlinin verdiyi sözə istinad edilir. İlk öncə bildiririk ki, Elçin Kərimlinin bu cür vədd verməsi yalan məlumatdır. Məhkəmə bu məsələyə aydınlıq gətirərək qeyd etmişdir ki, müqavilə "Prior Leasing" ASC ilə Babayev Elnur arasında bağlanmışdır; münasibətlər yalnız bu tərəflər arasında tənzimlənir. Üçüncü şəxsin — o cümlədən filial işçisinin — rəsmi müqavilədən kənar verbal vədi şirkəti hüquqi cəhətdən bağlamır. Mülki Məcəllə baxımından bu cür vədə inanmaq "yanılma" institutu çərçivəsində qiymətləndirilə bilməz; söhbət kommersiya riskindən gedir.
4. Lizinq müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xitam olunmuşdur
Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında 13.02.2024-cü il tarixli lizinq müqaviləsi müqavilənin 14.4-cü bəndinə əsasən, yəni tərəflərin qarşılıqlı razılığı ilə xitam olunmuşdur. Bundan əlavə, iddiaçının məhkəmədə öz ifadəsindən də aydın olmuşdur ki, o, lizinq predmetini könüllü olaraq filiala gətirmiş, texnika orada yoxlanılmış, saz vəziyyətdə olduğu təsdiqlənmiş və yalnız bundan sonra akt imzalanmışdır.
5. "Prior Leasing" ASC traktoru öz mülkiyyət hüququ çərçivəsində idarə etmişdir
Məqalədə filial müdürünün traktoru "əldə etməsi" kimi təqdim edilən hadisəyə gəlincə, məhkəmə müəyyən etmişdir ki, texnikanın mülkiyyətçisi müqavilə boyunca "Prior Leasing" ASC olmuşdur. Şirkət, Mülki Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq, öz mülkiyyətindəki obyekti 03.11.2025-ci il tarixdə başqa şəxsə — Məmmədov Sərxan Zahir oğluna — yenidən lizinqə vermişdir. Bu, şirkətin qanuni hüququdur.
6. Babayevin iddiasını rədd edən məhkəmə onun dövlət rüsumunu da özünə aid etmişdir
Məhkəmənin yekun qərarına görə, qarşılıqlı iddia tam həcmdə rədd edilmiş, iddiaçının ödədiyi 100 manatlıq dövlət rüsumu da ona qaytarılmamış, öz üzərinə aid edilmişdir. Bu, iddia tələblərinin əsassızlığının əlavə sübutudur.
"Prior Leasing" ASC bu məsələ üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini tam şəffaflıqla ictimaiyyətin diqqətinə çatdırır. Şirkət öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirir, müştərilərimizlə münasibətlər isə imzalanmış müqavilə şərtləri əsasında tənzimlənir”.