Modern.az

Dini savadlılıq dindarlıq demək deyil

Dini savadlılıq dindarlıq demək deyil

Aktual

Bu gün, 17:31

Ənənəvi media hazırda yeni media ilə birlikdə mürəkkəb keçid dövründən keçir və bu şəraitdə peşəkar jurnalistikanın qorunması xüsusi əhəmiyyət daşıyır.

Modern.az xəbər verir ki, bunu Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Rəqəmsal media və dini diskurs: İnformasiya manipulyasiyası və dezinformasiya" adlı panel sessiyada Azərbaycan Mətbuat Şurasının sədr müavini, əməkdar jurnalist Səadət Məmmədova bildirib. 

Onun sözlərinə görə, ənənəvi media nümayəndələri yazdıqları, danışdıqları və nümayiş etdirdikləri hər bir informasiyanın məsuliyyətini daşıyırlar:

“Düşünürəm ki, yazdığının, danışdığının və göstərdiyinin məsuliyyətini dərk edən jurnalist olmaq bu peşənin ən böyük üstünlüklərindən biridir. Media Günü ərəfəsində bu mövqeni bölüşən bütün həmkarlarımı təbrik edirəm”.

Mətbuat Şurasının sədr müavini vurğulayıb ki, dini mövzuların işıqlandırılmasında media savadlılığı ilə yanaşı, dini savadlılıq da vacibdir:

“Dini savadlılıq dindar olmaq, hansısa əqidəni və ya təriqəti təbliğ etmək demək deyil. Dini savadlılıq dinlərə sosioloji, tarixi və mədəni fenomen kimi yanaşa bilmək bacarığıdır. Əgər bu baxış formalaşarsa, dini mövzuların işıqlandırılması da manipulyasiyadan uzaq olar”.

Səadət Məmmədovanın sözlərinə görə, sosial şəbəkələrdə yayılan dini məzmunların təsiri artdıqca, peşəkar medianın üzərinə düşən ictimai məsuliyyət də artır:

“Dini mövzularda təkcə peşəkarlıq və obyektivlik kifayət etmir, həm də ictimai məsuliyyət hissi vacibdir. Biz hər mövzuda qırmızı xəttin harada olduğunu bilməliyik. Bunun üçün isə dini savadlılıq lazımdır”.

Əməkdar jurnalist qeyd edib ki, dini mövzular cəmiyyətdə həssas qəbul olunduğundan jurnalistlər çox vaxt cəsarətdən daha çox ehtiyatlı davranmağa üstünlük verirlər:

“Dünya görüşləri, inanclar və dini baxışlar fərqli olduğuna görə sadə bir sual belə bəzən ciddi reaksiyalar doğura bilir. Buna görə də dini mövzuların işıqlandırılmasında ehtiyatkarlıq cəsarətdən önə keçir”, - deyə o vurğulayıb.

Səadət Məmmədova şəxsi təcrübəsindən də nümunə çəkərək bildirib ki, Məhərrəmlik dövründə məscidlərdə yüksək səslə mərsiyələrin səsləndirilməsinin dini baxımdan nə dərəcədə doğru olması ilə bağlı sosial şəbəkədə sual vermək istəsə də, mümkün reaksiyalara görə bundan imtina edib.

“Bu sualı ictimai şəkildə paylaşmaq əvəzinə fərdi qaydada ünvanladım. Çünki reaksiyalardan, anlaşılmamaqdan, hətta bəzən linc edilməkdən ehtiyat etdim. Bu vəziyyət dini mövzulara yanaşan bir çox jurnalistin də yaşadığı reallıqdır”, - deyə o bildirib.

Onun fikrincə, bu səbəbdən dini maarifləndirici materiallar kifayət qədər işıqlandırılmır, əvəzində sosial şəbəkələrdə müxtəlif dini baxışların və fərdi interpretasiyaların yayılması davam edir.

S.Məmmədova onu da əlavə edib ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə insan müdaxiləsi olmadan hazırlanan video və digər məzmunların sayı artır və bu da dezinformasiyanın yayılmasını asanlaşdırır.

O həmçinin vurğulayıb ki, belə şəraitdə düzgün məlumat verən mütəxəssislərin ön plana çıxarılması və onların daha geniş platformalarda çıxış imkanlarının artırılması böyük əhəmiyyət daşıyır. Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Səadət Məmmədova belə maarifləndirici platformaların daha da genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi