Moskvada Azərbaycan səfirliyinin qonaq evi qarşısında törədilən təxribatı təsadüfi hadisə və ya sıradan insident kimi qiymətləndirmək olmaz.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputat bildirib ki, diplomatik nümayəndəliklərin və onlara məxsus obyektlərin təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət həmin obyektlərin yerləşdiyi dövlətin üzərinə düşür:
“Bu baxımdan baş verənlərə görə Rusiya tərəfi məsuliyyətdən yayına bilməz. Belə hadisələrə münasibət kifayət qədər ciddi və prinsipial olmalıdır.
Əsas problem isə daha dərindir. Rusiyada hələ də keçmiş imperiya düşüncəsinin təsirindən tamamilə çıxa bilməyən, müstəqil dövlətlərin öz taleyini və siyasətini müstəqil şəkildə müəyyənləşdirməsini qəbul etməyən dairələr var. Onların təsəvvüründə qonşu dövlət ya təsir dairəsində olmalı, ya da təzyiq altında saxlanmalıdır. Müstəqil mövqe isə dərhal “itaətsizlik” kimi qəbul edilir.
Təəssüf ki, bu yanaşmanın yaratdığı dağıntıların, insan faciələrinin və siyasi nəticələrin miqyası hələ də bəzi dairələr tərəfindən lazımi şəkildə dərk olunmayıb.
Azərbaycanın zaman-zaman hədəfə çevrilməsi də təsadüfi deyil. Azərbaycan Cənubi Qafqazda öz milli maraqlarına əsaslanan, qərarlarını müstəqil qəbul edən və heç bir xarici gücün diktəsi ilə hərəkət etməyən dövlətdir. Məhz bu müstəqil siyasət müəyyən şovinist və revanşist dairələrdə narahatlıq yaradır. Onlar Azərbaycanın müstəqil mövqeyi ilə barışmaq istəmirlər”.
A.Kərimli qeyd edib ki, Azərbaycan təzyiq dili ilə danışılacaq dövlət deyil:
“Azərbaycanla münasibətlər yalnız qarşılıqlı hörmət, bərabərhüquqluluq və suverenliyə hörmət prinsipləri əsasında qurula bilər.
Eyni zamanda, dövlət siyasəti emosiyalarla deyil, milli maraqlarla müəyyən olunur. Azərbaycan baş verən hər bir təxribata qəti mövqeyini bildirməli, lakin münasibətləri idarə edərkən soyuqqanlılığını və siyasi təmkinini də qorumalıdır.
Prezident İlham Əliyevin xarici siyasətdə illərdir həyata keçirdiyi xətt də məhz bundan ibarətdir: Azərbaycanın prinsipial mövqeyindən geri çəkilmədən milli maraqları qorumaq, mürəkkəb geosiyasi şəraitdə düzgün balansı saxlamaq və heç kimin Azərbaycanla təzyiq dili ilə danışmasına imkan verməmək”.
Deputat vurğulayıb ki, Azərbaycan qarşıdurma tərəfdarı deyil:
“Biz bütün qonşularımızla normal, qarşılıqlı faydalı və hörmətə əsaslanan münasibətlərin tərəfdarıyıq. Azərbaycan bundan sonra da mehriban qonşuluq siyasətinə sadiq qalacaq. Lakin mehriban qonşuluq birtərəfli anlayış deyil. Azərbaycanın müstəqilliyinə, suverenliyinə və milli maraqlarına hörmət etmək də bu münasibətlərin dəyişməz şərti olmalıdır”.