Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın aylarda regional kommunikasiyaların açılması və TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində praktiki işlərə başlanacağını bildirib.
Modern.az xəbər verir ki, Paşinyan bunu Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT Plus” formatındakı sammitində çıxışı zamanı deyib.
Ermənistanın Baş naziri Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ermənistan-Rusiya münasibətlərinin gələcək inkişaf strategiyasını müzakirə etməyi planlaşdırdığını söyləyib.
Paşinyan Ermənistanın xarici siyasətinin geosiyasi güc mərkəzləri arasında çevik manevr və tarazlığın qorunması prinsipi üzərində qurulduğunu bildirib. Onun sözlərinə görə, güc mərkəzlərindən biri Ermənistana təzyiq göstərməyə və ölkənin müstəqilliyini təhdid etməyə başlayanda İrəvan tarazlığı qorumaq üçün digər tərəflərlə münasibətlərini fəallaşdırır.
Baş nazir yaxın aylarda regional kommunikasiyaların açılması və TRIPP layihəsinin həyata keçirilməsi üzrə praktiki işlərə başlanacağını vurğulayıb.
Onun sözlərinə görə, layihə Şərqdən Qərbə – Xəzər dənizindən Aralıq dənizinədək, eləcə də Şimaldan Cənuba – Fars körfəzindən Qara dənizədək uzanan nəqliyyat marşrutlarını birləşdirəcək.
Paşinyan logistika xətlərinin açılması üçün əsas şərtin avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülh razılaşması olduğunu bildirib. O, Türkiyə ilə münasibətlərin qurulmasını da regional kommunikasiyaların açılmasının mühüm şərtlərindən biri kimi göstərib.
Ermənistan hökumətinin başçısı son illərdə ölkəsinin tərəfdaşlarının sayını əhəmiyyətli dərəcədə artırdığını da diqqətə çatdırıb. Bildirib ki, Ermənistan ABŞ, Çin, Avropa İttifaqı ölkələri, Qazaxıstan və Gürcüstanla strateji münasibətlər qurub, Hindistan və İranla əlaqələrini isə dərinləşdirir.