Rusiya Ermənistanın dəmir yolu infrastrukturunun idarə olunmasında mövqeyini qorumağa və Cənubi Qafqazda formalaşan yeni nəqliyyat marşrutlarında iştirakını davam etdirməyə çalışır.
Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ermənistandakı dəmir yolu şəbəkəsinin idarə olunmasında iştirakı regionda yeni logistika əlaqələrinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumata görə, Yerasx istiqamətində dəmir yolu infrastrukturunun böyük hissəsinin faktiki olaraq yenidən qurulmasına ehtiyac var. Türkiyə ilə sərhədə, Qars istiqamətinə uzanan dəmir yolu xəttində isə vəziyyət fərqlidir. Burada sovet dövründən qalan relslər, texniki qurğular və digər infrastruktur obyektləri qismən qorunub saxlanılıb.
Qeyd olunur ki, sovet dövründə həmin ərazidə Avropa və Rusiya dəmir yolu standartları arasındakı fərqə görə vaqonların təkər cütləri dəyişdirilirdi.
Ermənistan üçün əsas məsələlərdən biri Türkiyənin Qarsdan Naxçıvanla sərhəddə yerləşən Dilucu keçidinə qədər inşa etdiyi dəmir yolu xətti ilə rəqabət apara biləcək marşrutun yaradılmasıdır.
Bu baxımdan Ermənistanın mövcud dəmir yolu şəbəkəsinin bərpası və gələcəkdə TRIPP layihəsinə qoşulması mühüm əhəmiyyət kəsb edir.
Xarici media yazır ki, Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti yerli infrastrukturun xüsusiyyətlərini yaxşı bilir və geniş təcrübəyə malikdir. Buna nümunə kimi 2024-cü ildə Lori və Tavuş vilayətlərində daşqınlar nəticəsində zədələnmiş təxminən 2 kilometrlik dəmir yolu xəttinin üç həftədən az müddətdə bərpa edilməsi göstərilir.
Xatırladaq ki, oktyabrın 14-də “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru Oleq Belozyorov İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Görüş zamanı Gümrü–Axurik–Türkiyə sərhədi və Yerasx–Naxçıvan dəmir yolu xətlərinin bərpası, həmçinin Ermənistanın dəmir yolu şəbəkəsinin beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyası müzakirə olunub.
Tərəflər mövcud problemlərin həlli və gələcək addımların müəyyənləşdirilməsi üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Belozyorov görüşdən sonra bildirib ki, Ermənistan dəmir yollarının idarə olunmasına dair Rusiya ilə bağlanmış konsessiya müqaviləsinin ləğvi məsələsi danışıqlarda qaldırılmayıb.