Modern.az

Türk dövlətlərinin liderləri İrəvanda birgə bəyannamə qəbul etdilər

Türk dövlətlərinin liderləri İrəvanda birgə bəyannamə qəbul etdilər

Aktual

Bu gün, 11:53

Ermənistanın paytaxtı İrəvanda BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyası tərəflərinin 17-ci konfransı (COP17) başlayıb. Oktyabrın 19-dan 30-dək davam edəcək tədbirdən əvvəl, oktyabrın 16-da dövlət və hökumət başçılarının iştirakı ilə “Təbiət naminə liderlər” sammiti keçirilib.

Modern.az xəbər verir ki, sammitdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər. Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan isə tədbirə nümayəndə heyəti göndərməyib.

Sammitdə biomüxtəlifliyin qorunması, su ehtiyatlarının mühafizəsi və ekoloji əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Türk dövlətlərinin rəhbərləri maliyyələşmə mexanizmlərindən regional əməkdaşlığa qədər müxtəlif təşəbbüslər irəli sürüblər.

Japarovun ilk rəsmi səfəri və göllərlə bağlı razılaşma

Sammit ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarov Ermənistana rəsmi səfər edib. Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşdə ikitərəfli münasibətlər, ticarət-iqtisadi əlaqələr və beynəlxalq platformalarda əməkdaşlıq müzakirə olunub.

Ermənistan tərəfinin məlumatına görə, Japarov bunun Qırğızıstan prezidentinin Ermənistana ilk rəsmi səfəri olduğunu vurğulayıb.

Səfər zamanı imzalanan sənədlər arasında Göyçə və İssık-Kul göllərinin qorunmasına dair anlaşma memorandumu da yer alıb. Sənəd göl ekosistemlərinin öyrənilməsi və monitorinqi, balıq növlərinin mühafizəsi, suyun çirklənməsinin qarşısının alınması və iqlim dəyişikliyinin təsirlərinin qiymətləndirilməsi üzrə təcrübə mübadiləsini nəzərdə tutur.

Həmçinin Sevan Milli Parkı ilə İssık-Kul ətrafındakı qorunan ərazilər arasında əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılır.

Japarov Ermənistanın dağ və şirin su ekosistemlərinin qorunmasına yönəlmiş İrəvan Platforması təşəbbüsünü dəstəklədiklərini, Qırğızıstanın onun fəaliyyətində fəal iştiraka hazır olduğunu bildirib.

Tokayev beynəlxalq fond yaratmağı təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə nadir növlərin və biomüxtəlifliyin qorunması üçün beynəlxalq fondun yaradılmasını təklif edib.

O, həmçinin Bioloji Müxtəliflik haqqında Konvensiyanın Katibliyinin Almatıda regional ofisinin açılması təşəbbüsünü səsləndirib. Qazaxıstan Prezidenti su ehtiyatlarının mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb.

Berdiməhəmmədov inkişaf etməkdə olan ölkələrin maraqlarına diqqət çəkib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov beynəlxalq ekoloji hədəflərə çatmaq üçün inkişaf etməkdə olan ölkələrin, xüsusilə dənizə çıxışı olmayan dövlətlərin maraqlarının nəzərə alınmalı olduğunu bildirib.

Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, o, “Cənub-Cənub” əməkdaşlığı da daxil olmaqla, çoxtərəfli mexanizmlərin bilik və təcrübə mübadiləsində mühüm rol oynadığını qeyd edib.

İrəvan Bəyannaməsi qəbul olunub

Oktyabrın 16-da keçirilən sammitin yekununda “İrəvan Bəyannaməsi – Təbiət naminə fəaliyyət” sənədi qəbul edilib.

Bəyannamədə 2030-cu ilədək biomüxtəlifliyin itirilməsini dayandırmaq və bu prosesi geriyə çevirmək, 2050-ci ilədək isə təbiətlə harmoniyada yaşamaq məqsədlərinə sadiqlik ifadə olunub. Ekosistemlərin qorunması və bərpası, maliyyələşmənin artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas fəaliyyət istiqamətləri kimi göstərilib.

Sammitdə səsləndirilən təşəbbüslər və qəbul olunan bəyannamə fonunda COP17 çərçivəsində müzakirələr oktyabrın 30-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?