İran Prezidenti Məsud Pezeşkianın istefa vermək niyyətində olduğuna dair iddia yayılıb. Böyük Britaniyada fəaliyyət göstərən “Iran International” telekanalının iddialarına görə, M.Pezeşkian öz postunu tərk etməsi ilə bağlı ölkənin Ali Lideri Müctəba Xameneiyə rəsmi müraciət ünvanlayıb. Bununla belə, İran rəhbərliyi telekanalın məlumatını təkzib edib.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Məsud Pezeşkianın istefası barədə dolaşan xəbərlərin əsası var:
“Məsud Pezeşkianın istefa xəbəri aylardır dolaşır və bunun əsası var. Çünki Pezeşkiana ölkəsində mane olurlar. O, islahatlar apara bilmir. Müharibənin nəticələrini aradan qaldırmağa çalışsa da, buna mane olurlar. Bütün hakimiyyət hazırda SEPAH generallarının əlindədir. Müharibə getdiyi dövrdə Pezeşkian qonşu dövlətlərə — Azərbaycana, Türkiyəyə və körfəz ölkələrinə zərbə endirilməsinin əleyhinə olsa da, SEPAH generalları bildiklərini edir, hara gəldi zərbələr endirirdilər. Bu zaman Pezeşkianla SEPAH generalları arasında dərin fikir ayrılıqları yaranmışdı. Müharibədən sonra bu yenə də, davam edir. Çünki Pezeşkian ABŞ ilə danışıqların davamını istəsə də, SEPAH generalları fərqli mövqedədir”.

Politoloq qeyd edib ki, Pezeşkian fikir ayrılıqlarını aradan qaldırmaq gücündə deyil: “Lakin Pezeşkianın, həqiqətən də, belə bir istefa ərizəsi yazıb-yazmadığını demək çətindir. İstefa ərizəsi yazmaq Pezeşkianın məsuliyyətdən boyun qaçırdığı mənasına gələcək. Lakin həqiqət budur ki, həqiqətən Pezeşkianla ölkəni idarə edən SEPAH generalları arasında dərin fikir ayrılığı formalaşıb. Və Pezeşkian bu fikir ayrılıqlarını aradan qaldırmaq gücündə deyil”.