Ermənistan müxalifəti hələ də Nikol Paşinyanın parlament seçkisində qalib gəlməsini həzm edə bilmir. Müxalifət Paşinyanı devirmək üçün müxtəlif yollar axtarır. Bir müddət əvvəl Güclü Ermənistan blokunun lideri, biznesmen Samvel Karepetyan Paşinyanı devirmək üçün “məxfi planlarının olduğunu bildirib.
"Mən bir sıra müxalif siyasi qüvvələrin liderləri ilə görüşmüşəm. Kimlərlə görüşdüyümü deyə bilmərəm. Bizim gizli bir planımız var, onu açıqlamayacağam. Biz Paşinyanı tez bir zamanda devirmək yolunu seçəcəyik. Lazım gələrsə, küçə hərəkatı da səfərbər olunacaq. Amma hələlik biz qanuni yolla gedirik”, - rusiyalı iş adamı qeyd edib.
Bununla belə erməni müxalifətinin geniş etiraz aksiyalarına qalxmaması, məsələlərə passiv yanaşması diqqətçəkən nüansdır.
Maraqlıdır ki, məxfi plan dedikdə, Karepetyan nəyi nəzərdə tutur və hansı addımlar atıla bilər?
Modern.az-a açıqlamasında Gürcü politoloq Giorgi Qoqua bildirib ki, Samvel Karapetyanın bəyanatlarını qiymətləndirərkən siyasi ritorika ilə Ermənistanın real konstitusion və siyasi reallıqlarını bir-birindən ayırmaq vacibdir:
“Ermənistanın parlament sistemi çərçivəsində Baş nazir Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılması nəzəri baxımdan mümkün olsa da, praktiki maneələr hələ də ciddi olaraq qalır. İstənilən hökumət dəyişikliyi konstitusion mexanizmlər vasitəsilə həyata keçirilməlidir və mövcud siyasi şəraitdə buna nail olmaq üçün sadə və birbaşa yol mövcud deyil.
Baş naziri dəyişməyin ən legitim yolu parlament vasitəsilədir. Ermənistan parlamentli respublika olduğuna görə, hökumətin fəaliyyəti əsasən parlament çoxluğunun etimadından asılıdır. Lakin hazırda Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə rahat çoxluğa malikdir və bu da müxalifətin ciddi dəyişikliklər olmadan onu vəzifədən uzaqlaşdırmasını olduqca çətin edir. Belə bir ssenari yalnız parlament dinamikasında ciddi dəyişiklik, yaxud hakim partiya daxilində parçalanma baş verərsə mümkün ola bilər.
Kütləvi etiraz aksiyaları da siyasi təzyiqin mümkün vasitələrindən biridir, xüsusilə Ermənistanın yaxın siyasi tarixi nəzərə alındıqda bu belədir. 2018-ci il “Məxməri inqilab” nəticəsində Paşinyanın hakimiyyətə gəlməsi göstərdi ki, davamlı ictimai mobilizasiya ölkənin siyasi mənzərəsini dəyişə bilər. Bununla belə, son illərdə baş verən etiraz dalğaları hakimiyyət dəyişikliyinə səbəb olmayıb. Bu isə göstərir ki, nümayişlər yalnız o halda hökuməti dəyişə bilər ki, onlar parlamentdə dəstək itkisi, hakim koalisiyada parçalanma və ya uzunmüddətli güclü ictimai təzyiqlə üst-üstə düşsün”.

Politoloqun fikrincə, Karapetyanın “gizli planlar”a istinadı isə ehtiyatla qarşılanmalıdır:
“Hazırkı mərhələdə onun açıqlamalarından başqa bu cür konkret planların mövcudluğunu təsdiqləyən açıq mənbəli heç bir sübut yoxdur. Bu ifadə yalnız müxalifət partiyalarının, nüfuzlu ictimai fiqurların və vətəndaş cəmiyyətinin vahid siyasi strategiya ətrafında koordinasiya səylərinə işarə ola bilər. Eyni zamanda, bu, hakim partiya üzvlərini tərəf dəyişməyə sövq etmə cəhdlərini və ya hökumətə təzyiqi artırmaq üçün daha koordinasiyalı etiraz hərəkatının hazırlanmasını da nəzərdə tuta bilər. Digər ehtimal isə bu açıqlamanın konkret əməli planı deyil, müxalifət tərəfdarlarını səfərbər etmək və hakimiyyətə qarşı siyasi dinamikanın gücləndiyi təəssüratı yaratmaq məqsədi daşıyan siyasi mesaj olmasıdır”.