Azərbaycanla Fransa arasında son illərdə ciddi gərginlik yaşayan münasibətlərdə son vaxtlar müəyyən yumşalma siqnalları müşahidə olunur. Fransa Prezidenti Emmanuel Makronun Avropa və Türkiyə üzrə müşavirinin Bakıya səfəri, Prezidentin köməkçisi Hikmət Hacıyevlə keçirilən görüş və tərəflərin ikitərəfli münasibətlər, eləcə də regional məsələlər ətrafında apardıqları müzakirələr Parislə Bakı arasında siyasi dialoqun yenidən canlandırılması ilə bağlı gözləntiləri artırıb.
Fransanın Azərbaycandakı səfiri Sofi Laqut da Modern.az-a eksklüziv müsahibəsində münasibətlərin inkişafı ilə bağlı nikbin olduqlarını bildirərək, danışıqların çox müsbət keçdiyini və bu istiqamətdə perspektiv gördüklərini söyləyib.
Milli Məclisin fəaliyyətini dondurmuş Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Modern.az-a açıqlamasında Fransa Milli Assambleyasında dostluq qrupunun fəaliyyətini dayandırmasından sonra Azərbaycan tərəfi də qarşılıqlı addım ataraq öz fəaliyyətini dondurduğunu xatırladıb:
"VII çağırış Milli Məclisə seçkilərdən sonra parlamentlərarası işçi qrupu hələ formalaşdırılmayıb. Bununla belə, Azərbaycan tərəfi parlamentlər səviyyəsində münasibətlərin inkişafında maraqlı olduğunu dəfələrlə bəyan edib.
Son dövrlərdə Fransa Milli Assambleyasında Azərbaycana qarşı səsləndirilən fikirlər, xarici işlər nazirinin çıxışları, müzakirəyə çıxarılan məsələlər və irəli sürülən əsassız iddialar hazırkı mərhələdə parlamentlərarası münasibətlərin bərpası üçün müsbət perspektiv yaratmır. Həm Fransa Milli Assambleyası, həm də Senat Azərbaycanın regionda sülhə və təhlükəsizliyə xidmət edən xarici siyasətinin mahiyyətini, məqsədlərini və reallıqlarını düzgün dəyərləndirərək bu istiqamətdə obyektiv mövqe nümayiş etdirdiyi təqdirdə münasibətlərə yenidən baxılması mümkündür".
S.Məmmədov qeyd edib ki, hazırda Fransa Milli Assambleyasında və Senatda səsləndirilən fikirlər, eləcə də qəbul edilən qətnamələr göstərir ki, bu qurumlar regiondakı reallıqları düzgün qiymətləndirə bilmirlər:
"Həmin yanaşmalar reallıqdan uzaq olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh prosesinə də maneə yaradır. Ermənistan tərəfi də rəsmi şəkildə Fransa qanunvericilik orqanlarında səsləndirilən bəzi iddialara etiraz edib və bu yanaşmaları dəstəkləmədiyini göstərib. Onun qənaətincə, bu, Fransanın birtərəfli və sülh prosesinə xidmət etməyən siyasətini davam etdirdiyini nümayiş etdirir".
Milli Məclisin deputatı Razi Nurullayev isə bildirib ki, Fransada bəzi qurumlar və şəxslər Azərbaycanla münasibətlərə xələl gətirə biləcək açıqlamalar verir və addımlar atırlar:
"Buna baxmayaraq o, iki ölkə arasında münasibətlərin yaxşılaşmasının vacib olduğunu və Azərbaycanın da bunda maraqlı olduğunu deyib. Azərbaycan və Fransa prezidentləri arasında keçirilən təmaslar müsbət atmosferdə keçib və bu, münasibətlərin normallaşacağına ümid yaradır. Bu istiqamətdə ilk növbədə Fransa tərəfindən etimadı gücləndirəcək addımlar atılmalıdır".
R.Nurullayev hesab edir ki, Azərbaycan-Fransa münasibətləri tədricən normallaşmağa doğru gedir və bu proses nəticəsində hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyətini bərpa etməlidir:
"Artıq iki ölkə arasında ciddi narahatlıq yaradacaq əsas məsələlər qalmayıb. Bəzi fransız siyasətçilərinin Ermənistan məsələsində nümayiş etdirdiyi mövqeni anlamaq çətindir. R.Nurullayev qeyd edib ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına yaxındır, münaqişənin başa çatdığını Ermənistan tərəfi də qəbul edir. Bu baxımdan, Fransadakı bəzi siyasi dairələrin hələ də fərqli mövqe sərgiləməsi anlaşılan deyil.
Ümid edirəm ki, sağlam düşüncə üstün gələcək, Azərbaycan və Fransa dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirəcək, mövcud fikir ayrılıqları isə dialoq yolu ilə aradan qaldırılacaq".