Modern.az

Yanukoviçin Rusiyadakı gizli həyatı: Adını dəyişib, Sadıkova ilə nikahdadır

Yanukoviçin Rusiyadakı gizli həyatı: Adını dəyişib, Sadıkova ilə nikahdadır

Analitika

Bu gün, 08:40

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Rusiyada başqa ad-soyad altında yaşadığı, ailə üzvlərinin isə ölkədə yüzlərlə hektar torpaq, onlarla daşınmaz əmlak və milyonlarla dollar dəyərində aktiv topladığı iddia olunur.

Modern.az xəbər verir ki, bu barədə "Televiziya Toronto"nun araşdırmasında bildirilib.

Araşdırmaya görə, Yanukoviç Soçidə vətəndaş nikahında yaşadığı Lyubov Polejay ilə birlikdədir və ehtimal olunur ki, o, Oleq Nikolayeviç Leonov adına sənədlərdən istifadə edir. Bildirilir ki, o, Abxaziyaya səfərləri zamanı Polejayı məhz bu ad-soyad altında müşayiət edib.

Jurnalistlərin araşdırmasına əsasən, Rusiyanın məlumat bazalarında Leonovun doğum tarixi Yanukoviçin doğum tarixi ilə üst-üstə düşür. Bundan başqa, Leonov soyadı vaxtilə Yanukoviçin anasının qızlıq soyadı olub. Araşdırma müəllifləri bu şəxs barədə başqa məlumat tapa bilmədiklərini bildirirlər.

İddialara görə, Yanukoviçin oğlu Aleksandr həyat yoldaşı və iki oğlu ilə birlikdə Sokolov soyadı altında yaşayır. Lyubov Polejay isə qızlıq soyadı olan Sadıkova soyadını götürüb.

Araşdırmada qeyd olunur ki, Polejayın sosial şəbəkələrdə paylaşdığı fotolar Soçidə Yesaulenko küçəsində yerləşən "Blagodat" malikanəsinin görüntüləri ilə üst-üstə düşür. Təxminən 3 hektar ərazini əhatə edən kompleksdə bir neçə yaşayış evi, istixanalar, bağ, ibadətgah və süni göl yerləşir. Bundan başqa, Sadıkovanın adına iri torpaq sahəsi və istifadəsiz pansionat da rəsmiləşdirilib.

Məlumata görə, Yanukoviç və ailəsinin mühafizəsini əvvəllər Ukrayna Dövlət Mühafizə İdarəsində çalışan, sonradan Rusiyanın Federal Mühafizə Xidmətində (FSO) işləməyə başlayan şəxslər həyata keçirirlər. Onlar Ukraynada axtarışdadırlar.

Araşdırmada bildirilir ki, Lyubov Sadıkova 2015-2025-ci illərdə aylıq təxminən 50 min rubl maaşla aqrar kompleksdə menecer kimi qeydiyyatda olsa da, bu işin formal xarakter daşıdığı iddia edilir. Həmin müddətdə onun 337 hektar kənd təsərrüfatı təyinatlı torpaq aldığı, daha sonra isə həmin torpaqları eyni aqrar kompleksə icarəyə verərək dörd il ərzində 50 milyon rubldan çox gəlir əldə etdiyi vurğulanır. Daşınmaz əmlak satışından isə əlavə olaraq təxminən 14 milyon rubl qazandığı bildirilir.

Araşdırma müəlliflərinin hesablamalarına görə, Lyubov Sadıkova Rusiyada yaşadığı dövrdə ümumilikdə 370 hektardan çox torpaq sahəsinin və 2,4 min kvadratmetrdən artıq daşınmaz əmlakın sahibi olub. Bu əmlaklara beş mənzil, beş fərdi ev və daha dörd müxtəlif obyekt daxildir.

Bundan başqa, Yanukoviçin gəlini Moskva yaxınlığındakı elit "Benilüks" yaşayış kompleksində də daxil olmaqla 27 min kvadratmetrdən çox daşınmaz əmlak əldə edib. Araşdırmada qeyd olunur ki, 2024-cü ildə onun bank depozitlərində təxminən 3,5 milyon dollar, oğlu Viktorun hesablarında isə 5 milyon dollara yaxın vəsait olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Paşinyan Putinə yalvardı: Sərhəddəki məsələni həll edin