Modern.az

Cayşankarın səfəri münasibətlərin fəallaşması üçün mühüm imkanlar yaradıb - DEPUTAT

Cayşankarın səfəri münasibətlərin fəallaşması üçün mühüm imkanlar yaradıb - DEPUTAT

Analitika

Bu gün, 11:50

"Prezident İlham Əliyevin 23 oktyabr 2026-cı ildə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi ikitərəfli siyasi dialoqun fəallaşması baxımından mühüm hadisədir. Nazir Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını çatdıraraq səfərin Baş nazirin tapşırığı ilə həyata keçirildiyini bildirib".

Nazirin Azərbaycana səfəri ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, bu, Azərbaycanla münasibətlərin inkişafına Hindistan rəhbərliyi səviyyəsində marağın ifadəsidir:

"Prezident İlham Əliyevlə Baş nazir Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek Zirvə görüşü çərçivəsində görüşü, Hindistanın AQEM-in Bakı Zirvə Görüşündə iştirakı və xarici işlər nazirinin səfəri bir-birini tamamlayan siyasi təmaslardır. Fikir ayrılıqları fonunda müşahidə olunan soyuqluqdan sonra bu ardıcıllıq münasibətlərdə müsbət dəyişiklik üçün imkanlar deməkdir. Bu, Azərbaycanla Hindistan arasında münasibətlərdə pozitiv dəyişikliklərin və müsbətə doğru irəliləyişin göstəricisidir. İrəliləyişin davamlılığı isə siyasi niyyətlərin konkret addımlarla müşayiət olunmasından asılı olacaq.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın mətbuat konfransındakı açıqlaması da bunu bir daha təsdiq edir: “Azərbaycanla münasibətləri daha da dərinləşdirməyin yollarını müzakirə etdik. Azərbaycanla münasibətlərimizi daha yüksək səviyyəyə qaldıra bilərik.”

Azərbaycan hər bir ölkə ilə konstruktiv dialoqa və qarşılıqlı səmərəli əməkdaşlığa hazır olub. Hindistan dünya arenasında vacib ölkələrdən biridir və ikitərəfli münasibətlərin inkişafı hər iki ölkənin marağındadır".

Deputat bildirib ki, Azərbaycanla Hindistan arasında münasibətlərin böyük tarixi var. Azərbaycan və Hindistan öz tarixi-mədəni irsini qoruyub saxlamaqla yanaşı, müasir inkişafın imkanlarından yararlanaraq ənənə ilə müasirliyin vəhdətini nümayiş etdirirlər:

"Hazırkı dövldə də Azərbaycanda Hindistan mədəniyyətinə aid tarixi izlər var və dövlətimiz tərəfindən qorunur. Nazir Cayşankarın Azərbaycana səfəri çərçivəsində Atəşgah məbədini ziyarət etməsi xüsusi rəmzi məna daşıyır. Bu ziyarət iki ölkə arasında münasibətlərin yalnız müasir siyasi və iqtisadi maraqlara deyil, həm də ortaq tarixi yaddaşa, qarşılıqlı mədəni hörmətə və xalqlar arasında çoxəsrlik təmaslara əsaslandığını nümayiş etdirir. Nazir Çayşankarın “Azərbaycan və Hindistan arasında mədəni əlaqələrin uzun tarixi var” açıqlaması bunu təsdiqləyir.

Bu baxımdan Atəşgah yalnız tarixi-memarlıq abidəsi deyil, həm də Azərbaycan–Hindistan münasibətlərinin mədəni diplomatiya müstəvisində mühüm simvollarından biridir. Tarixi irsin qorunması və qarşılıqlı tanıdılması iki ölkə arasında humanitar əməkdaşlığın genişləndirilməsi, xalqlararası əlaqələrin möhkəmləndirilməsi və siyasi dialoqun inkişafı üçün əlavə imkanlar yaradır.

Azərbaycanın milli maraqlarını prinsipial müdafiə etməsklə əməkdaşlığa açıq olması, etibarlı tərəfdaş kimi mövqeyi, enerji və nəqliyyat siyasəti kimi faktorlar ölkəmizlə əməkdaşlığa marağı artırır. Hindistanın malik olduğu böyük iqtisadi, sənaye və texnoloji potensial da qarşılıqlı faydalı əlaqələr üçün geniş imkanlar açır. Münasibətlərin qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü, bərabərhüquqluluq və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanması bu imkanların reallaşması üçün vacibdir".

Rizvan Nəbiyevin sözlərinə görə, Hindistanla davamlı dialoq Azərbaycanın sülh gündəliyinin daha aydın anlaşılmasına, həssas məsələlərdə fikir ayrılıqlarının müzakirəsinə və əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə xidmət edə bilər:

"Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəmliyi, yüksək səviyyəli təmasların davamlılığı və qarşılıqlı səfərlərin intesivləşdirilməsi bunun üçün baza təşkil edir. Nazir Çayşankarın "Hindistan Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişi alqışlayır” açıqlaması həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesinin dəyərləndirilməsi kimi qəbul edilə bilər.

Enerji sahəsi Azərbaycan–Hindistan münasibətlərinin ən möhkəm iqtisadi dayaqlarındandır. Hindistanın ONGC Videsh şirkəti "Əsrin kontrakt“ında, Azəri–Çıraq–Günəşli yataqlar blokunda və Bakı–Tbilisi–Ceyhan neft kəmərində iştirak edir. Hindistan tərəfinin məlumatına görə, şirkətin bu aktivlərdə payların əldə edilməsinə yatırdığı sərmayə 1,2 milyard ABŞ dollarını ötür. Bu iştirak tərəflərin uzunmüddətli iqtisadi maraqlarını birləşdirir və digər sahələrdə əməkdaşlıq üçün də etimad yaradır.

Hindistan kapitalının Azərbaycanın qeyri-neft sektoruna yönəlməsi də mühüm inkişafdır. Son İnvestisiya forumunda Azərbaycana 125 milyon dollar həcmində sərmayə yatıran şirkətlərdən biri də Hindistana məxsusdur. 29 sentyabr 2026-cı ildə açıqlanan rəsmi məlumata əsasən, UFlex Limited şirkətinin iştirakı ilə Ələt Azad İqtisadi Zonasında qablaşdırma məhsulları istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində razılaşdırılan layihənin dəyəri 117,7 milyon ABŞ dolları, planlaşdırılan illik istehsal gücü 60 min ton təşkil edir. Layihə yeni istehsal və ixrac imkanları yaratmaqla Azərbaycanın regional sənaye mərkəzi kimi mövqeyini gücləndirə bilər.

Hindistanın rəsmi məlumatına görə, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi təxminən 401 milyon ABŞ dolları olub. Əczaçılıq, kənd təsərrüfatı, sənaye məhsulları, texnologiya və xidmətlər üzrə əlaqələrin genişləndirilməsi ticarətin şaxələndirilməsinə imkan verər. Bunun üçün biznes nümayəndə heyətlərinin səfərləri və birbaşa şirkətlərarası təmaslar yeni müqavilələrlə nəticələnməlidir".

Deputat vurğulayıb ki, nazir Çayşankarın “iqtisadiyyatlarımızın bir-birini tamamladığını nəzərə alaraq, ikitərəfli ticarətin və investisiyaların daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu düşünürük” fikirləri cəlbedici perspektivlərdən xəbər verir:

"Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərindəki mövqeyi Hindistanla əməkdaşlığa strateji əhəmiyyət verir. Ölkəmizin liman, dəmir yolu və logistika infrastrukturu Hindistanın beynəlxalq bazarlara çıxış maraqları ilə uzlaşır. Bu potensialdan istifadə daşımaların səmərəliliyindən, prosedurların əlaqələndirilməsindən və marşrutların etibarlı fəaliyyətindən asılıdır.

Hindistan texnologiyalar, rəqəmsal infrastruktur sahəsində əsaslı şəkildə inkişaf edir. Hindistanın proqram təminatı və informasiya texnologiyaları üzrə təcrübəsi Azərbaycanın rəqəmsal transformasiya məqsədləri ilə də uyğunlaşır. Elektron xidmətlər, maliyyə texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və startaplar gələcək birgə layihələr üçün perspektivli istiqamətlərdir.

Turizm artıq konkret nəticələrin olduğu sahədir. 2025-ci ildə Hindistandan Azərbaycana 166 944 turist gəlib və Hindistan ölkəmizə turist göndərən dövlətlər arasında dördüncü yeri tutub. Bakı ilə Dehli və Mumbay arasında birbaşa uçuşlar səfərləri asanlaşdırır. AZAL-ın həftədə 14 reys həyata keçirməsi əməkdaşlığa olan qarşılıqlı marağı təsdqləyir.

Qarşılıqlı turizm tanıtımı, universitetlərarası əməkdaşlıq, elmi və mədəni tədbirlər əlaqələrin ictimai əsaslarını möhkəmləndirə bilər. Hər iki xalqın qədim mədəni irsi və Azərbaycanda Hindistan mədəniyyəti ilə bağlı tarixi izlər bu əməkdaşlığa əlavə məzmun verir.

BMT, Qoşulmama Hərəkatı, AQEM və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində təmaslar ikitərəfli münasibətləri beynəlxalq gündəliklə əlaqələndirir. Bu platformalar ortaq maraqların müzakirəsi və fərqli mövqelərin diplomatik dialoq vasitəsilə yaxınlaşdırılması üçün imkan yaradır. Hindistanın xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqh 15 oktyabr 2026-cı ildə Bakıda keçirilmiş AQEM-in 7-ci Zirvə Görüşündə Azərbaycanın 2026–2028-ci illərdə sədrliyini davam etdirməsini alqışlayıb, inklüziv və konsensusa əsaslanan əməkdaşlığa dəstəyini ifadə edib. Dünya əhalisinin təxminən yarısını əhatə edən bu platformada Azərbaycanın sədrliyinin davam etməsi ölkəmizin dialoq imkanlarına etimadın göstəricisidir".

Parlamentari bildirir ki, Azərbaycan və Hindistanın Qlobal Cənubun bir hissəsi olması inkişaf etməkdə olan ölkələrin beynəlxalq qərarlarda təmsilçiliyi, texnologiyalara və maliyyəyə çıxışı kimi məsələlərdə ortaq maraqlar yaradır. Bu, bütün məsələlərdə eyni mövqe demək olmasa da, birgə fəaliyyət üçün əlavə zəmin formalaşdırır:

"Cənub–Cənub əməkdaşlığının praktik dəyəri təcrübə, texnologiya və sərmayə mübadiləsindədir. Azərbaycanın enerji və nəqliyyat imkanları ilə Hindistanın istehsal və texnoloji potensialı bir-birini tamamlaya bilər. Mövcud enerji investisiyaları və Ələtdə planlaşdırılan sənaye müəssisəsi bu əməkdaşlığın real iqtisadi əsaslarını göstərir. Mütəxəssis hazırlığı, rəqəmsal xidmətlər, səhiyyə və kənd təsərrüfatı üzrə təşəbbüslər həmin əlaqələri genişləndirə bilər. Müasir dövrdə də Azərbaycan və Hindistanı birləşdirən layihələrin, o cümlədən Qlobal Cənubun mövcudluğu əməkdaşlığın çoxtərəfli platformalarda inkişafı üçün perspektivlər vəd edir.

Perspektiv: siyasi niyyətdən konkret nəticəyə Azərbaycan–Hindistan münasibətlərinin siyasi dialoqdan praktik əməkdaşlığa keçidi qarşılıqlı etimad, milli maraqlara hörmət və regional sülh gündəliyinə konstruktiv yanaşma əsasında uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın formalaşmasına xidmət edə bilər. Nazir Cayşankarın Azərbaycan səfəri münasibətlərin fəallaşması üçün mühüm imkan yaradıb. Növbəti mərhələnin uğuru siyasi təmasların davamlılığı, layihələrin icrası və tərəflərin bir-birinin milli maraqlarına münasibəti ilə müəyyənləşəcək. Qarşılıqlı hörmət və praqmatik yanaşma enerji, sənaye, nəqliyyat, texnologiya və turizm imkanlarını davamlı tərəfdaşlığa çevirə, çoxtərəfli formatlarda əməkdaşlığı da gücləndirə bilər. Hindistanın regionda yeni siyasi reallığa uyğun davamlı münasibət sərgiləməsi, Azərbaycan-Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin dəstəkləməsi də əməkdaşlığı şərtləndirən faktorlardandır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada