Modern.az

Gözlər yoldan yığılarmı... - VIII YAZI  

Gözlər yoldan yığılarmı... - VIII YAZI   

Aktual

24 Fevral 2019, 10:12

Nəzirməmməd ZÖHRABLI 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

(Səkkizinci yazı)

“Qasım, Fərhadla Xəqanini apardılar!!!”

Xəqanini ən sonuncu görən sabiq komandirin bəzən sadəcə izahlarını sakitcə dinləyir, daha ətraflı məlumatlar almaq üçün ona əlavə suallar verirəm. Bəzənsə onun tükürpədici olayları dilə gətirməsindən sarsıntı keçiririk hamımız. Təəssüflər olsun ki, bir dramatik film kimi eşitdiklərimiz yaxın tariximizdə Qarabağ savaşının ayrı-ayrı epizodları üzrə baş verən gerçək yaşantılardandır.

Qasımı danışdırıb hansısa bir məcraya çatanda bir az da ürəklənib Xəqanini ondan az qala canlı şəkildə ala biləcəyimizə ümidlənirik, bəzi məqamlardasa onu tamamilə itirdiyimizi göz önünə gətirməli oluruq. Nə suallar tükənir, nə diləklər doğrulur, nə ümidlər qırılır...Bax, budur itkinliyin sərhəd tanımayan, dəhşət doğuran qeyri-müəyyənliklə dolu əsl yaşantıları. Mən sizlərə insan itkinliyinin ağıla sığmayan konturlarını yazının dili ilə cızmaq istəyirəm. Təbii ki, nə qədər mümkündürsə. Hamının cavabında aciz qaldığı bir sualsa məni qətiyyən rahat buraxmır. Elə yəqin sizləri də, əziz oxucular: biz bir qeyrətli soydaşımızı itkinlik bəlasından qoruya bilərdikmi?! Mərhum istedadlı yazar dostumuz, ömrü Əfqanıstan və Qarabağ savaşlarından keçmiş Zakir Sadatlının bir şeir parçasını xatırlayıram bu anda:

- Nooldu...döndü vələdin,
And içdin düzə, yalana...
Bir quzun itdi, mələdin,
“İtkinim!” – deyib balana –
Niyə aramadın, kəndim?!

Dərd telimi darayan gün,
“Ana” deyib zarıyan gün.
Ağlamaqdan səsim batıb
Göz yaşlarım quruyan gün,
Niyə qurumadın, kəndim?!

Bici, axmağı qorudun,
Evi, daxmanı qorudun,
Mərci-paxlanı qorudun,
Məni qorumadın, kəndim...

Qinyaz bu anda sanki hansısa nəticəni əldə edə bilmək ümidilə hövsələsini cilovlaya bilməyib (25 illik qardaş itkisi axtarışlı zaman kəsiyində hövsələmi qalar?! – N.Z.) tez-tələsik soruşur:

- Bəs xaxol dediyiniz o adam da sizinlə qayıdıb gəldimi?

Qasım:

- Hə, o da burdaydı. Biz gedəndə Zelenko belə bir kələk işlətmişdi ona qarşı. Demişdi ki, sən get, bu uşaqlarla sağ-salamat qayıt gəl, sonra mən özüm də səninlə birgə 60 nəfərlə ora qayıdacağıq... Xaxol söz vermişdi ki, problem yoxdu...Sən demə, həm də bir qədər şirniklənibmiş. Amma qayıdanda artıq mənə çatdırmışdılar ki, vəziyyət belədi, sən bunu tut. Onun da əlində avtomatı vardı. Tutmaq çətin idi. Həm də təkcə avtomat yox, üstümüzdə qranat-filan, çoxlu silahımız var idi hamımızın. Onu da axı, öldürməkdən çox diri tutub gətirmək tapşırığı almışdıq. Ona görə Sabunçudan olan oğlanlardan birinə dedim ki, biz maşına qalxanda bunun qulağının dibindən elə vur ki, düz ayağımızın altına düşsün. Amma hər ehtimala qarşı, bunu silahsızlaşdırmaq niyyətilə maştağalı “Malış” ləqəbli əsgərimizə dedim aparıb bizim avtomatlarımızı təmizləsin. Xaxol əvvəlcə vermək istəmədi. Dedi özümüz təmizləyərik. Nə isə, onu inandırdım ki, belə yaxşıdı, guya malış “molodoy” olduğuna görə bunu deyirəm, yəni onun borcudu bizim də avtomatları təmizləsin. Xaxol da inanıb avtomatını “Malış”a verdi. Bu zaman arxamızca gələn maşına qalxmalı idik. Maşına qalxanda tapşırdığım əsgər bunun boynunun arxasından necə vurdusa, agent düz ayağımızın altına yıxıldı. Üstümüzdə kəndir var idi. Onun əllərini bərk-bərk bağladıq. Maşına qoydular, apardılar. Axşamüstü – saat 3-də isə gəlib məni də, Arifi də apardılar. Bizi incitdilər, döydülər.

- Niyə?

- Ancaq bunu dedilər ki, hələ o tərəfə gedib sağ-salamat qayıdıb gələn olmayıb. Deməli, siz ya agentsiz, ya satılmısız, bax belə söhbətlər apardılar bizimlə. Sual elədik ki, yaxşı, biz necə sübut eləyə bilərik bizə qarşı bu deyilənlər böhtandı? Dedilər ki, bunun üçün sizin izahatlarınız əsasında ayrı-ayrılıqda yazılı və şifahi üzləşdirmələr aparacağıq. Sözləriniz üst-üstə düşməsə, deməli yalan danışırsız. Hərəmizi də ayrı-ayrı otaqlara saldılar ki, birdən sözləşib eyni məzmun-formada ifadə verərik. Nə isə, Arifi birinci danışdırmışdılar, sonra məni çağırdılar. İkimizi də şifahi dindirəndən sonra səsimizi diktofona yazdılar. Hər şeyi olduğu kimi, gördüyümüz kimi dedik, bizi buraxdılar. Bizi aparmağa Volodya Zelenko özü gəlmişdi. Komandir dedi ki, o tutulan xaxolla görüşmək, ona bəzi suallar vermək istəyir. Görüşdürdülər. Burda o, Zelenkoya bəzi etiraflar elədi. Axı hər ikisi ukraynalı idi. Zelenkoya dedi ki, “Volodya u nas takaya poslovitsa yest: “jadnost fuari poqubit”. Sonra fikrini belə izah etdi: yəni ki, mənimlə gedən bu yeddi nəfəri asanlıqla təhvil verib gələ bilərdim. Ancaq məni sənin vədin aldatdı. Sən demişdin ki, biz gedib bələdləyib gələk, sonra həm özün bizimlə gedəcəksən, həm də 60 adam aparacaqsan. Məni bu sözlər saxladı, çünki düşündüm ki, bu pullar mənə “do kontsa jizni xvatal bı”. Yəni bir komandir və altmış nəfər Azərbaycan əsgərinə görə ermənilərdən alacağım pullar mənə ömrümün sonuna kimi kifayət edəcək idi”. Ondan sonra biz daha o xaxolu görmədik, varıb (bu söz Gəncəbasar bölgəsində “çıxıb getdik” anlamında işlənir –N.Z.) getdik.


Fərhad evə girəndən sonra Xəqanini öz adıyla çağırıblar...

- Döyüş başa çatdı. Sakitlik oldu, belə demək mümkünsə...

- Xəqani məsələsinə qayıdırsız?

- Bəli, bəli...

- Deməli, o “boy” günü nələr baş verdi? Əvvəla, döyüşdə belə bir qayda var ki, əgər birinci, ikinci rotanın rabitəçisini vurub öldürərlərsə, onlarla rabitə kəsilə bilər. Ona görə kəşfiyyat mütləq komandirin yanında olur. Bu zaman kəşfiyyatçının üzərinə iki iş düşür: həm komandiri qorumaq, həm də məlumatları rabitəçisiz qalmış rotalara çatdırmaq. Mən də Xəqanigilə tapşırmışdım ki, onlar Zelenkonun yanında olsunlar bu iki vacib işi yerinə yetirməkdən ötrü. Bu ərazidə qalıb vəziyyəti komandirə məruzə eləməli idilər onlar. Ərazidə də mina əleyhinə olan cihazlar var idi, onları hər 50-100 metrdən bir düzmüşdülər. Bu cihazları elə ardıcıllıqla düzürdülər ki, 4-ü birdən partlayırdı. Onlar dördü partlayanda insan bir halda sağ qurtula bilərdi ki, 5-6 dəqiqə havada, həm də 70 sm-dən yüksəklikdə qala bilsin. Bunu heç Brüs Li də bacara bilməzdi. Yəni bu mümkünsüz bir şey idi. Ondan qorunmaq, onları tapmaq üçün biz, Xəqani də daxil olmaqla, əllərimiz boynumuzun arxasında “qazyerişi”  deyilən formada 100 metrlərlə yavaş-yavaş getməli idik. Yalnız bu formada yeriyəndə həmin cihazların məftilləri özümüzdən qabaqda gedən dirsəklərimizə toxunurdu. O zaman biz onu görüb xəbər verirdik və uşaqlardan kimsə yaxınlaşıb həmin məftilləri sakitcə kəsib zərərsizləşdirirdi. Bir də “lovuşka” deyilən qarmaqlı kəndirimiz olurdu ki, atıb ilişdirib o istiqamətdə gedəsən. Onu da atırdıq, birdən gedib kolun birinə ilişirdi, ha dartırdıq, ilişdiyi yerdən çıxmırdı, bu da çətinliklər yaradırdı hərəkətimizə.

Orda ad çəkmək olmazdı. Ancaq nömrələrlə əlaqələnməli idik. Məsələn, kimsə birinci adlanırdı, Xəqani səkkizinci adlanırdı. Tutalım, komanda verirdim ki, birinci getsin, Allaha and olsun Xəqani ondan qabaq özünü yetirirdi. Eləcə də Fərhad, Hüseyn, Arif, ya kimsə. Birdən Xəqaninin nömrəsinə komanda verəndə, görürdün ki, başqası getdi. Birinci, məsələn, həmişə mən özüm qaçmışam 50 metr, qaçmışam, partladı, uşaq gəldi, ondan sonra Xəqani qaçıb 100 metrə qədər.  Bax, belə qurulmuşdu bizim həmin o 18 nəfərlik əsgərlərlə işimiz, yoldaşlığımız, döyüş yolumuz. Sizin soruşduğunuz o axırıncı gün isə mən bunları göndərdim ki, qardaşlar, gedin, bayaq qeyd etdiyimiz kimi komandirin yanında durun. O Mirpaşa dediyimiz Fərhad adlı oğlan bir qədər dikbaş idi. Müharibə belə şeyləri sevmir. Dikbaşlığın, yekəxanalığın müharibədə yeri yoxdur. Xəqanini orda saxlayan da Fərhad oldu. Yəni necə? O getmədi, əmrə tabe olmadı, Xəqani də qaldı onun yanında. Sarıcalı kəndinin üstündə dərə var, müəllim. Sarıcalının üstündə biz bütün batalyonu düzdük. Bax oranı tutmaqdan ötrü bir tank, bir BTR-lə getmişdik. Onda Fərhada, Xəqaniyə, bir də adını da bilmədiyim bir ağdamlı oğlana demişdim ki, siz gedin komandirin yanına. Birdən qışqırtı düşdü, vəlvələ qopdu, erməni tankları Qasımın karyeri tərəfdən hücuma keçəndə bir də baxdım ki, Xəqani, Fərhad, bir də o ağdamlı oğlan dayanıb oturublar həmin yerdə. Onlar, dediyim kimi, göndərdiyim həm nisbətən təhlükəsiz, həm də komandiri qorumaq kimi son dərəcə vacib nöqtəyə getməmişdilər. Onların durduğu yer isə yüz faiz ölümlük idi. Sakitlik olanda həmin o ağdamlı gəldi mənim yanıma, dedi Qasım, Fərhad sənin sözünə baxmadı, sənin tapşırığına məhəl qoymadı, nəticədə sənin ən çox qorxub tapşırdığın şey başımıza gəldi - Fərhadla Xəqanini apardılar!!! Hövlnak qayıtdım ki, necə yəni apardılar?! Vəziyyəti bir qədər sizə analiz eləyim. Deməli, kəndin içində aləm qarışmışdı bir-birinə. Burda kəndin bir başında həm azərbaycanlılar var idi, həm də ermənilər. Ağdamlı oğlanın dediyinə görə, bunları dayandıqları yerdə görən ermənilərdən biri başını qapıdan çıxarıb hiylə işlədərək azərbaycan dilində “bura gəlin, orda ermənilər var” deyə içəri çağırıb. Fərhad gedib. Bu zaman bu oğlan da, Xəqani də Fərhada deyib ki, getməsin. Fərhad deyib yox, gedəcəm, çağıran özümüzünkülərdi. Fərhad ora çatan kimi, çox güman bıçağı dirəyiblər boğazına ki, yoldaşlarının adını desin. Çünki o adam yenidən çıxıb bayıra və bu dəfə artıq ad çəkərək deyəsi olub ki, ay Xəqani, qorxma gəl. Bilirsiniz, elə Xəqani özü də Fərhadı qoyub gəlməz, onu xilas eləməyə gedərdi. Çünki müharibə, od-alov bunları, elə bizim hamımızı çox doğmalaşdırmışdı bir-birimizə. Ağdamlı oğlan ona hətta xatırladır mənim tapşırığımı ki, axı Qasım demişdi belə hallarla rastlaşanda getməyək?! Amma Xəqani cavab verir ki, nə danışırsan, mən Fərhadı belə yerdə qoyub gedə bilərəmmi?! Xəqani də gedir. O adam üçüncü dəfə çıxır bundan sonra. Adını bilmədiklərindən ay ağdamlı, sən də gəl deyir (burada da bir müəmma ola bilər. Çünki bir yerdə döyüşən əsgərlərin bir-birinin adını bilməməsi qəribə görünür. O adam adını qəsdən gizlətməyib ki?!.. Əfsus ki, o ağdamlı deyilən şəxsi indi tapa bilmirik – N.Z.). Dedi Qasım, mən onda bildim ki, bunları apardılar, qaçdım. Dediyinə görə, qaçanda onun ardınca atəş də açıblar. Xoşbəxtlikdən, o sağ-salamat gəlib bizim yanımıza çıxa bilmişdi.

 - O ağdamlı oğlan hardadı, yaşayırmı indi? Onu tapa bilərik görəsən...

- Bilmirəm hardadı, yaşayır-yaşamır. O heç deyəsən bizim batalyondan da deyildi. Son vaxtlarda gəlmişdi. Adını da elə ağdamlı kimi tanıyırdıq.

- Siz bütün kəndləri sadaladınız, Boyəhmədli adı çəkmədiniz axı. Həm rəsmi yazılanlarda, həm də qardaşlarının axtarışlarına görə Xəqaninin həmin son döyüşü əsasən Boyəhmədli kəndində baş verib...

- Yox, qadan alım, o döyüş Boyəhmədlidə olmayıb.

- Əsir, İtkin Düşmüş Şəxslərlə İş Üzrə Dövlət Komissiyasının rəsmi arayışında da Boyəhmədli kəndində itkin düşdüyü öz əksini tapıb Xəqaninin. Bu Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabında da çap olunub. Məhkəmənin Xəqaniyə şəhid statusu verən qətnaməsində də Boyəhmədli (rəsmən Bəyəhmədli) kəndində itkin düşdüyü təsdiqlənib...

Bu yerdə Qinyaz da söhbətə qoşulur. O da Xəqaninin yanına gedərkən Boyəhmədlinin yanında Qarabağ kanalından, körpüdən söhbət getdiyini və rəsmi məlumatlarda da məhz Bəyəhmədli yazıldığını xatırladır...

Qasım ərazini tanıyıb bildiyi qədərincə aydınlıq gətirir söhbətimizə:

- Kənd ümumi Boyəhmədli kimi tanınır. Amma Boyəhmədlinin içərisində 3-4 balaca kənd var. Mollalar var, Bala Papravənd var, Böyük Papravənd var, Salahlının üstündə Yeddi Dağ var, Qalayçılar var. Boyəhmədli yəqin ümumi gedər onlarda. Bunun heç o zaman biz də çox fərqinə varmamışdıq. Elə bil ki, Bakının içərisində ayrı-ayrı qəsəbələr, məhəllələr olduğu kimi.

- Amma batalyon yerləşirdi Güllücədə...

- Hə biz qalırdıq Güllücədə. Amma qalxırdıq pozitsiyalara (döyüş mövqeləri, səngərlər – N.Z.).

Qinyaz da şahidlik edir:

-Həmin mövqelər təxminən beş kilometrdən artıq məsafədə olardı. Üzüm bağlarının arasından keçib gedirdin.

Qasım həmin mövqelərin daha artıq məsafədə olduğunda israr edir. Deyir üzüm bağlarından keçəndən sonra Qarabağ kanalının üstünə çıxırmışlar, orda da su borularından adlayıb bir qədər də uzağa gedirmişlər. Keçmiş kəşfiyyatçı hələ döyüş mövqelərinin bu qədər uzaqda olduğunu söyləyir, kəşfiyyata gedəndə isə bu yol bir neçə dəfə də artırmış. Qinyazdan deyilən körpünün də Qarabağ kanalının üzərində olub-olmadığını dəqiqləşdirmək istəyirəm. Deyir ki, bir kanalın üstündə olub körpü, kanalsa Ağdamın ərazisinin içi ilə Tərtər rayonuna tərəf axdığından suyu, çox güman ki, Sərsəng su anbarından götürürmüş.

Biz səni tanıyırıq, get qardaşımızı gətir!

Yəqin sizlər də bu qənaətimizi bölüşərsiniz. Komandirlə söhbətimizdən belə nəticəyə gəlmək olur ki, Xəqaninin, eləcə də Fərhadın əsir düşmə ehtimalları daha çoxdu. Şübhəsiz ki, onu əsir də apara bilərdilər, qətlə yetirə də bilərdilər, amma indiyədək ölənlər, şəhidlər içində meyitinin tapılmaması, yaxud kiminsə onun öldüyü barədə heç bir bilgi verə bilməməsi, üstəlik Xankəndidən gətirilmiş hərbi əsirin təxminən “gördüm, dedi Sabunçuda zavodda qardaşımla birgə işləmişəm, institutda oxuyurdum”, “bizi Qırmızı Xaçın siyahısına salmayıblar, qardaşlarımı görsəniz, deyin ki mən burdayam” kimi ifadələr itkin-şəhidin əsir düşmə ehtimalı barədə qənaətimi bir qədər də möhkəmləndirir, hələ onun sağ ola biləcəyinə də ümidlənirəm... Şübhə və ehtimallarımı eşidən Qasım davam eləyir:

- Onları aldada da bilərdilər. Yəni ilkin olaraq çağırdıqları Fərhadı hansımızınsa adını çəkməklə də aldadıb içəri çağıra bilərdilər. Niyə deyirəm bunu? Bundan şübhələnməyə müəyyən əsaslarım var. Belə ki, ondan bir-iki gün əvvəl biz gedib Mollalar kəndinə yerləşəndə mənim də, başqa uşaqların da  xeyli sənədlərimiz orda qalmışdı. Mən metroda işləyirdim o zaman, bunu təsdiqləyən sənədim, başqa sənədim və s. Bunların itdiyini biləndə komandirə dedim ki, mənim belə bir “knijkam” qalıb orda, ondan istifadə eləyə bilərlər-filan. Eləcə də başqa uşaqların. Mən bu barədə məlumat verəndən sonra komandir əmr verdi ki, kimsə hardasa, məsələn, çıxıb desə ki, mən Qasımam, ya döyüş yoldaşlarımızdan başqa birisi, yalnız Qasımı və ya başqa adı çəkiləni tanıyan kimsə baxıb dəqiqləşdirə biləndən sonra həmin çağırılan yerə getsin. Bu əmr bizi çox ayıltdı, çox kömək eləmiş oldu bizə.

- Aydındı... Sonra Qinyazgil gəlib qardaşlarını axtarıblar, sizdən soruşublar, mübahisə də etmisiniz, nəhayət oturub  dərdləşmisiz, ağlaşmısız...

- Bunlar gəldilər. Bunları qınaya bilməzdik ki... Düzdü, müharibədi, hər şey gözləniləndi, ən çox da mənfiyə doğru. Amma neyləməlidi oğlu, qardaşı ölən, yaxud yoxa çıxan kimsə?! Soruşmağa ən azından bir yer, bir rəhbərlik tapmalıdı... Burda da o şəxs komandirlərdi... Deyirdilər ki, dəxli yoxdu, biz səni tanıyırıq, get qardaşımızı gətir! Orda da nələr baş verirdi bu zaman. Ağdamın milis rəisi, eləcə də sonradan icra başçısı olan Həsən Sarıyev bizi təzədən bu qeyri-bərabər döyüşə göndərmək üçün gətirmişdilər cürbəcür içkilər-filan, əsgərləri içirdib ruhlandırmaq məqsədilə ki, onlar içib-keflənəndən sonra heç nəyə məhəl qoymadan, ölüm-itimi düşünmədən, necə gəldi döyüşə girsinlər. Mənə ayrıca 96 faizlik spirt, əsgərlərə ayrı-ayrı içkilər. Əsgərlərə dedim, heç nəyə aldanmayın, bu döyüşə biz girsək həm uduzacağıq, həm də bu döyüşdən sağ qayıdan olmayacaq. Balamın canına and olsun, uşaqların içib bu kortəbii döyüşə girməyinin qarşısını almasaydım, hamımız elə orda da əhəmiyyətsiz şəkildə milçək kimi qırılacaq idik.

 

Qinyaz: 

-  Elə bunlar döyüşə elə formada gedirdilər çox vaxt. Mən ora çatan gün, həmin döyüşün sabahısı bunlar hamısı içkili idilər. Mən orda Qasıma təpindim ki, sən necə komandirsən, sənin əsgərin ölür, ya itkin düşür, sənin xəbərin olmur?!.. Bunların hamısını içirtmişdilər. Guya hazırlaşırdılar ki, növbəti “boy”a girsinlər. Qasım mənə dedi hə, indi gedirik, öyrənəcəyik, tapıb gətirəcəyik harda olsalar.

Qasım təsdiqləyir Qinyazın dediklərini. Əlavə edir ki, ondan sonra hücuma da keçiblər, xeyli yer alıblar, o cümlədən Qalayçılar qalasını. O kənddə qalanda aşpazlar gəlib dedilər ki, gecələr işıq-zad yandırmayın. Çünki ermənilər ancaq gəlib adam oğurlamaqla, əsir-girov götürməklə məşğul olurdular. Elə aşpazın da birini oğurlayıb aparmışdılar. Ermənilər döyüşmürdü ki... bizimlə “Çyornaya koşka” döyüşürdü, ermənilər adam oğurlayırdılar ancaq. “Çyornaya koşka” isə işığı yandırırdı, lampası 4-5 dəqiqə göydə dayanırdı, ordan hədəfləyib dənləyirdilər bir-bir. Onlar öldürürdülər. Amma Xəqanigili onlar görmədilər. Xəqanigil onların həmin ərazilərə gəlişindən qabaq yoxa çıxmışdı. Biz buraları alıb 3-4 gün orda kef eləmişdik. “Çyornaya koşka” bu əraziyə ondan sonra gəldi. Bu da Xəqanigilin daha çox əsir düşdüyünü sübut edən amillərdəndi.


(ardı var)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi