Ermənistanın Dövlət Gəlirlər Komitəsinin Gömrük Xidməti və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabrından 2026-cı ilin 15 aprelinə qədər Azərbaycan ərazisi vasitəsilə Rusiyadan və Qazaxıstandan Ermənistana gətirilən malların həcmi ilə bağlı məlumat yayıb.
Həmçinin Gürcüstan ərazisi vasitəsilə Azərbaycandan Ermənistana idxal göstəriciləri də açıqlanıb.
Modern.az xəbər verir ki, “Armenpress”in sorğusuna cavab olaraq Ermənistan Respublikasının Dövlət Gəlirlər Komitəsi və İqtisadiyyat Nazirliyi bildiriblər ki, Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya Federasiyası və Qazaxıstandan 26 295 ton mal, həmçinin Azərbaycandan 9 337 ton yanacaq gətirilib. Qeyd olunub ki, regional əməkdaşlıq və sülhün nəticələri artıq hiss olunur və iqtisadi inkişaf üçün yeni imkanlar formalaşdırır.
Ermənistan Respublikasının Gömrük Xidmətinin məlumatına görə, mallar ilk dəfə Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə tranzit olaraq 6 noyabr 2025-ci ildə daxil olub.
“Rusiyadan və Qazaxıstandan 24 865 ton buğda, 1 362 ton gübrə və 68 ton qarabaşaq yarması idxal edilib. Azərbaycandan Ermənistana Gürcüstan ərazisi vasitəsilə dəmir yolu ilə 2025-ci ilin dekabrından 2026-cı ilin 15 aprelinə qədər ümumi gömrük dəyəri 7,2 milyon ABŞ dolları olan 9 337 ton Azərbaycan mənşəli yanacaq idxal olunub və qeydiyyata alınıb. Bunun 5 398 tonu 4,3 milyon ABŞ dolları dəyərində dizel yanacağı, 3 939 tonu isə 2,9 milyon ABŞ dolları dəyərində benzindir”, — deyə qurumlar bildiriblər.