Modern.az

ABŞ Ukraynanın köməyinə ehtiyac duyur

ABŞ Ukraynanın köməyinə ehtiyac duyur

Dünya

Bu gün, 16:59

ABŞ Səudiyyə Ərəbistanında yerləşən "Şahzadə Sultan Hava Bazası"nda Ukrayna istehsalı olan anti-dron müdafiə sistemini yerləşdirib.

Modern.az xəbər verir ki, “Reuters”in beş məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, söhbət Ukraynanın “Sky Map” platformasından gedir. Məlumata əsasən, Ukrayna hərbi mütəxəssisləri bazaya gələrək ABŞ hərbçilərinə bu sistem üzrə təlimlər keçirlər.

Bildirilir ki, “Sky Map” sistemi Ukrayna ordusu tərəfindən geniş istifadə olunur və xüsusilə İran istehsalı “Şahid” tipli pilotsuz uçuş aparatlarının aşkarlanması, zərərsizləşdirilməsində effektiv sayılır. Sistem həmçinin tutucu dronlar vasitəsilə əks-hücum imkanları yaradır.

Məlumata görə, İrandan təxminən 400 mil məsafədə yerləşən hava bazası müharibə başlayandan bəri bir sıra hücumlara məruz qalıb. Bu hücumlar nəticəsində erkən xəbərdarlıq təyyarəsi məhv edilib, bir neçə yanacaqdaşıyan təyyarə zədələnib və bəzi radar obyektlərinə zərər dəyib.

Hazırda bazanın müdafiəsində ABŞ-ın müxtəlif sistemlərindən, o cümlədən tutucu dronlardan istifadə olunur.

Ekspertlər hesab edir ki, Ukrayna texnologiyalarının ABŞ bazasında tətbiqi Vaşinqtonun hava və raketdən müdafiə sistemlərində müəyyən boşluqların mövcudluğunu göstərir.

Hudson İnstitutunun eksperti Timoti Uolton bildirib ki, ABŞ müdafiə sistemlərindəki boşluqlar uzun müddətdir məlumdur, lakin tam şəkildə aradan qaldırılmayıb.

Qeyd edək ki, Ağ Ev və Pentaqon məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp pilotsuz uçuş aparatlarına qarşı mübarizədə Ukraynanın yardımına ehtiyac olmadığını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!