Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında yaranmış qalmaqal gündəmin hadisəsi olaraq qalmaqdadır.
Mayın 24-də CHP sədri Özgür Özel polisin müdaxiləsilə partiya qərargahından çıxarılıb. O, tərəfdarlarına müraciətdə deyib ki, CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlar.
Bu hadisələr CHP-nin 2023-cü ildəki 38-ci qurultayında qəbul olunmuş qərarın məhkəmə tərəfindən “mütləq etibarsızlıq” (“mutlak butlan") hesab edilməsi fonunda baş verir. Məhkəmə qərarı ilə 38-ci qurultayın CHP-yə sədr seçdiyi Özgür Özel postundan uzaqlaşdırılıb, Kemal Kılıçdaroğlu yenidən rəhbərliyə qaytarılıb.
İndi Türkiyədə gözlər Kemal Kılıçdaroğluya yönəlib: o, CHP-nin mərkəzi qərargahına nə vaxt gedəcək?
Modern.az xəbər verir ki, Türkiyə KİV-i CHP ətrafında yaşananları diqqətdə saxlayır.
Bildirilir ki, Kemal Kılıçdaroğlunun CHP qərargahına nə vaxt gedəcəyi böyük maraq doğurur.
Kılıçdaroğluya yaxın mənbələr bunun Qurban bayramından sonraya qədər təxirə salınmayacağını deyirlər.
“Kemal Kılıçdaroğlunun CHP qərargahına getməsi bayramdan sonraya qədər təxirə salınmaya bilər. Bəs bu nə vaxt baş verəcək? Əlbəttə ki, Ankaradakı bayram rituallarına və siyasi partiyaların bayramlar zamanı riayət etdiyi adətlərə baxmalıyıq. Ankarada bayramı təbrik proqramları mövcuddur. Siyasi liderlər təşkilatlarla, qərargahdakı işçilərlə təbrik mübadiləsi aparırlar. Bu kontekstdə Kılıçdaroğlunun bayram dövründə, bayramdan əvvəl CHP mərkəzi qərargahına gedib bayram proqramı keçirə biləcəyi bildirilir. Bu proqramın necə və bayramın hansı günündə baş tutacağı ilə bağlı detallar bu gün müzakirə olunacaq. Kılıçdaroğlu və tətəfadrları bayramla bağlı qiymətləndirmələr aparacaqlar”, - deyə CNN Türk-ün yaydığı məlumatda bildirilib.
Qeyd edilir ki, Kemal Kılıçdaroğlu CHP-nin qərargahındakı son hadisələri evindən izləyib. Məlumata görə, Kılıçdaroğlu hələ ki öz ofisindədir. Bəzi deputatlar, bələdiyyə başçıları və CHP üzvlərinin Kılıçdaroğlunu ofisində ziyarət edəcəkləri bildirilir.
“Kılıçdaroğlu CHP-nin qərargahına bayram dövründə gedə bilər, bayramdan sonra yox. Bayramın ilk günü, yoxsa ikinci günü? Bu, hələ aydın deyil. Bu gün görüləcək işlərlə məsələnin aydınlaşacağı gözlənilir. Paytaxt Ankarada siyasi partiyalar bayram təbrikləri keçirirlər. Partiyalararası bayram təbrikləri lider səviyyəsində deyil, işçi heyəti səviyyəsində olur. Lakin Kılıçdaroğlunun bayram zamanı həm işçi heyəti, həm də partiya təşkilatı ilə bayram təbrik proqramı keçirəcəyi gözlənilir”, - CNN Türk yazır.
Paytaxt Ankarada hadisələrlə dolu gündən sonra CHP-nin qərargahında təmizlik işləri davam edir.
A.Qorxmaz