Modern.az

ABŞ İrana hücum etdi - Tehran Trampdan aman dilədi

ABŞ İrana hücum etdi - Tehran Trampdan aman dilədi

Dünya

Bu gün, 08:41

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) növbəti zərbələr zamanı İranda təxminən 90 hərbi hədəfin vurulduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, komandanlığın yaydığı bəyanatda bildirilir ki, zərbələrin məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə və mülki dənizçilərə hücum imkanlarını daha da zəiflətmək olub.

Qeyd edilib ki, hücumların hədəfində İranın hava hücumundan müdafiə sistemləri, sahil kəşfiyyat vasitələri, raket və pilotsuz uçuş aparatlarının anbarları, hərbi dəniz obyektləri, eləcə də İran sahilləri boyunca yerləşən hərbi-logistika infrastrukturu olub.

CENTCOM-un məlumatına görə, bundan bir gün əvvəl ABŞ ordusu İrandakı daha 80 hərbi hədəfə zərbə endirib. Həmin hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik kater də olub. ABŞ tərəfi bunu İranın atəşkəs rejimini pozaraq Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücum etməsinə cavab kimi qiymətləndirib.

Prezident Donald Tramp isə bildirib ki, İran nümayəndələri ölkə ərazisinə ABŞ ordusunun endirdiyi təkrar zərbələrdən sonra onunla əlaqə saxlayaraq razılaşma əldə etmək istədiklərini bildiriblər.

Bu barədə CNN telekanalı məlumat yayıb.

"Onlar bir müddət əvvəl mənə zəng ediblər, razılaşma əldə etməyi çox istəyirlər. Sadəcə bilmirəm ki, onlar belə bir razılaşmaya layiqdirlərmi", – Tramp NATO sammitindən sonra prezident təyyarəsi ilə geri qayıdarkən jurnalistlərə deyib.

ABŞ son iki gecə ərzində Hörmüz boğazında gəmilərin atəşə tutulmasına cavab olaraq İrana qarşı zərbələri yenidən bərpa edib.

Tramp xəbərdarlıq edib ki, İran kommersiya gəmilərinə yenidən hücum edərsə, ABŞ ordusu daha güclü zərbələr endirəcək.

"Əgər onlar bunu yenidən etsələr, nəticələri onlar üçün daha ağır olacaq", – Tramp cümə axşamına keçən gecə Truth Social şəbəkəsində yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır