Rusiyada Prezident Vladimir Putinə etimad və onun fəaliyyətinin bəyənilmə reytinqi iyunun 29-dan iyulun 5-dək olan həftədə yenidən azalıb.
Modern.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) yeni sorğusunda bildirilib.
Sorğuya əsasən, Putinin fəaliyyətini bəyənənlərin payı əvvəlki həftədəki 66,9 faizdən 66 faizə enib. Bu, göstəricinin ardıcıl ikinci həftə azalmasıdır.
Prezidentə etimad səviyyəsi də ikinci həftədir geriləyir. Belə ki, bu göstərici əvvəlki həftədəki 73,3 faizdən 72,3 faizə düşüb. Qeyd olunur ki, bundan bir həftə əvvəl etimad səviyyəsi 76,7 faiz təşkil etmişdi.
VTsIOM bildirib ki, sorğu qarışıq metodologiya ilə aparılıb. Mərkəz may ayının əvvəlindən metodologiyasını dəyişərək telefon sorğuları ilə yanaşı, respondentlərlə üzbəüz müsahibələr də keçirməyə başlayıb.
"Agentstvo" nəşri isə İctimai Rəy Fondunun məlumatına istinadən yazır ki, rusiyalıların əksəriyyəti üçün həftənin əsas hadisələri benzin qıtlığı və yanacaq qiymətlərinin artması olub.