Modern.az

İranla müharibə böyüyür: ABŞ-nin itkiləri 17-yə çatdı

İranla müharibə böyüyür: ABŞ-nin itkiləri 17-yə çatdı

Dünya

20 İyul 2026, 09:36

ABŞ-nin İrana qarşı davam edən hərbi əməliyyatları zamanı həlak olan amerikalı hərbçilərin sayı artıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, daha bir ABŞ hərbçisi iyulun 18-də İraqın şimalında vurulmuş İran pilotsuz uçuş aparatına məxsus partlamamış sursatların nəzarətli şəkildə zərərsizləşdirilməsi zamanı baş verən partlayış nəticəsində həlak olub. Hadisə zamanı daha bir hərbçi yüngül xəsarət alıb və ona tibbi yardım göstərilir.

Bununla da ABŞ-nin İrana qarşı müharibədə rəsmi təsdiqlənmiş itkilərinin sayı 17 nəfərə yüksəlib.

Bundan əvvəl CENTCOM İordaniyadakı ABŞ hərbi bazasına İran tərəfindən endirilən raket zərbəsi nəticəsində iki hərbçinin öldüyünü, bir hərbçinin isə itkin düşdüyünü açıqlamışdı. Sonradan hadisə yerində aşkar olunan insan qalıqlarının itkin düşən amerikalı hərbçiyə məxsus olduğu ehtimal edilir.

ABŞ ordusu iyulun 18-də İranda yeni hərbi hədəflərə zərbələr endirib. Vaşinqton bu əməliyyatların məqsədinin İordaniyada həlak olan hərbçilərin qisasını almaq, eləcə də İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyi təhdid etmək imkanlarını zəiflətmək olduğunu bildirib.

Buna cavab olaraq İran ABŞ-nin Küveytdə yerləşən iki hərbi bazasına raket zərbələri endirib.

ABŞ Prezidenti Donald Tramp isə NewsNation telekanalına açıqlamasında amerikalı hərbçilərin ölümünü "kədərli hadisə" adlandırıb. O bildirib ki, ABŞ-nin əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olaraq qalır.

Eyni zamanda The Wall Street Journal və The New York Times nəşrlərinin məlumatına görə, Vaşinqton Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir. Bildirilir ki, Almaniya və Böyük Britaniyadakı bazalardan F-16 və F-35 qırıcıları, eləcə də hava yanacaqdoldurma təyyarələri regiona yerləşdiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR