Rusiyanın ötən gün Qara dənizin Odessa akvatoriyasında mülki yük gəmisinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Dəniz Limanları Administrasiyası (АМПУ) məlumat yayıb.
Məlumata görə, Rusiya ordusunun hücumu nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Ölənlər arasında bir Ukrayna vətəndaşı da var.
Bildirilib ki, hücuma məruz qalan gəmi qarğıdalı yükü daşıyırdı.
Hadisə zamanı gəmidə ümumilikdə 17 nəfər ekipaj üzvü olub. Onların əksəriyyəti Suriya və Hindistan vətəndaşları, həmçinin gəmidə ukraynalı bələdçi (lotsman) də olub.
Xəsarət alanların vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.
Qeyd edək ki, son aylarda Qara dənizdə ticarət gəmilərinə qarşı hücumların intensivləşməsi beynəlxalq yükdaşımaların təhlükəsizliyi ilə bağlı narahatlığı daha da artırıb. Hadisə ilə bağlı araşdırma aparılır.