Pakistan hökumətindəki mənbələr ABŞ və İranın avqustun 17-də müddəti başa çatacaq atəşkəsin uzadılması barədə razılığa gəldiyini bildiriblər.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyinə Pakistan hökumətindəki mənbələr bildiriblər.
Qeyd edilib ki, ABŞ və İran iyunun 17-də imzalanmış İslamabad Razılaşması çərçivəsində nəzərdə tutulan 60 günlük atəşkəsin uzadılmasını təsdiqləyiblər.
Vasitəçilik prosesinə yaxın mənbənin sözlərinə görə, Vaşinqton və Tehran atəşkəsin uzadılmasına razı olduqlarını vasitəçilərə çatdırıblar. Bununla belə, avqustun 17-dən sonra atəşkəsin konkret olaraq hansı müddətə uzadılacağı hələ müəyyənləşməyib. Bu məsələ ilə bağlı tərəflər arasında təmasların davam etdiyi bildirilir.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin dayandırılması məqsədilə Vaşinqton və Tehran iyunun 17-də İslamabad Razılaşmasını imzalayıblar. Razılaşmaya əsasən, yekun razılığın əldə olunması üçün 60 günlük danışıqlar müddəti müəyyən edilib.